Misir hökuməti enerji istehlakını azaltmaq məqsədilə ticarət mərkəzləri və restoranlar üçün tətbiq edilən erkən qapanma qərarının ləğv edildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada ticarət mərkəzlərinin və restoranların yerli vaxtla saat 23:00-da bağlanmasını nəzərdə tutan əvvəlki qərarın dayandırıldığı və iş saatlarında daha əvvəl tətbiq olunan normal rejimə qayıdıldığı bildirilib.
Misir Baş Nazirliyindən verilən məlumata görə, Baş nazir Mustafa Medbuli mövcud böhranın təsirləri ilə bağlı hadisələri və "ABŞ, İsrail və İran" hərbi əməliyyatlarının regional, qlobal və yerli səviyyədə iqtisadi əks-sədalarını müzakirə etmək üçün Mərkəzi Böhran İdarəetmə Komitəsinin iclasına rəhbərlik edib.
Medbuli bölgə və dünya ölkələrinə təsir edən böhranın nəticələri qarşısında istehlakın azaldılması mədəniyyətinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Açıqlamada Böhran İdarəetmə Komitəsinin ictimai mağazalar, ticarət mərkəzləri və restoranların saat 23:00-da bağlanması ilə bağlı qərarın dayandırılmasını və daha əvvəl tətbiq olunan normal iş saatlarına qayıdılmasını təsdiqlədiyi qeyd olunub.
Hökumət sözçüsü Məhəmməd əl-Humsani yerli "Extra" telekanalına verdiyi açıqlamada sözügedən qərarın "tamamilə ləğv edildiyini", lakin bazar günləri məsafədən iş də daxil olmaqla digər qənaət tədbirlərinin qüvvədə qalacağını söyləyib.
Humsani qərarın xüsusilə turizm sektoru başda olmaqla özəl sektorun tələbləri əsasında ləğv edildiyini ifadə edib.
Misirdə İsrail və ABŞ-nin İrana qarşı hücumlarının davam etməsi ilə qlobal neft qiymətlərində yaşanan artımın təsirləri ilə mübarizə aparmaq məqsədilə enerji istehlakını azaltmağa yönəlmiş bir sıra hökumət tədbirləri tətbiq olunmağa başlanmışdı.
Misir hökuməti 28 martdan etibarən bir ay müddətinə mağaza, ticarət mərkəzi, restoran və kafelərin həftə ərzində yerli vaxtla saat 21:00-da, cümə axşamı və cümə günləri isə yerli vaxtla saat 22:00-da bağlanmasını qərara almış, daha sonra bağlanma saatı 23:00-dək uzadılmışdı.
Hökumət həmçinin enerji istehlakını azaltmaq üçün yollardakı reklam lövhələrinin işıqlandırılmasının dayandırılması, küçə və meydanlardakı işıqlandırmanın azaldılması kimi tədbirləri ehtiva edən ciddi bir planı icraya qoymuşdu.