FİFA 2026-cı il dünya çempionatının mükafat fondunu bəzi milli assosiasiyaların final turnirində yüksək əməliyyat xərcləri ilə bağlı narazılğından sonra artıracaq.
Publika.az xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb.
Bəzi Avropa milli komandaları Şimali Amerikada keçiriləcək turnirdə iştirakın onlara maliyyə itkisi gətirə biləcəyindən ehtiyatlandıqlarını bildiriblər. Səbəb kimi xərclərin 4 il əvvəl Qətərdə keçirilən turnirlə müqayisədə xeyli yüksək olacağı göstərilib.
Bundan sonra FİFA dünya üzrə milli assosiasiyalarla bu mövzuda danışıqlar aparıb və indi həm iştirakçı komandalar üçün mükafatların, həm də 211 üzv assosiasiyanın hər birinə yönələn inkişaf maliyyələşməsinin artırılması planlaşdırılır.
FİFA-nın Vankuverdə 28 aprel 2026-cı il tarixində keçiriləcək Şura iclasından əvvəl verdiyi açıqlamaya görə, təşkilat bütün dünyadakı assosiasiyalarla mümkün gəlir artımı barədə danışıqları davam etdirir. Bu, DÇ-2026-ya vəsiqə qazanan komandalar üçün ödənişlərin artırılmasını və bütün 211 üzv assosiasiyaya yönələn inkişaf maliyyələşməsinin yüksəldilməsini əhatə edir.