AZ

“Prezidentlərin səfərləri Azərbaycanın geosiyasi gücünü nümayiş etdirir” Deputat

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov son günlər Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərləri şərh edib.

Deputat bildirib ki, son bir həftədə Latviya və Ukrayna prezidentlərinin Azərbaycana səfərləri ölkənin geosiyasi mövqeyinin gücləndiyini göstərir: “Bu səfərlər Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun göstəricisidir. Səfərlər çərçivəsində 11 sənədin imzalanması ölkəmizlə əməkdaşlığa marağın yüksəldiyini təsdiqləyir”.

V.Bayramov qeyd edib ki, Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr də inkişaf edir:“Son 2 ildə iki ölkə arasında ticarət dövriyyəsi 31 faiz artaraq 510 milyon dollara çatıb. Ötən il 11 faizlik artım qeydə alınıb. İl ərzində Azərbaycandan Ukraynaya 227 milyon dollarlıq məhsul ixrac olunub. Qeyri-neft-qaz ixracımızın 5.5 faizi Ukraynanın payına düşür”.

Deputat vurğulayıb ki, qlobal proseslər fonunda Azərbaycanın mövqeyi daha da möhkəmlənib: “Yeni dünya düzəninin formalaşdığı bir dövrdə regionda baş verən siyasi kataklizmlərə baxmayaraq, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin geosiyasi mövqeyini gücləndirib. Azərbaycan artıq regional ‘orta güc’ dövlət kimi çıxış edir”.

Onun sözlərinə görə, çoxvektorlu xarici siyasət həm Qərb, həm də Şərq ilə tərəfdaşlığı genişləndirərək ölkənin təhlükəsizlik sistemində rolunu artırır.

V.Bayramov Azərbaycanın enerji sahəsində roluna da diqqət çəkib: “Azərbaycan Avropa daxil olmaqla region ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Trans-Adriatik Boru Kəməri vasitəsilə bu günədək Avropaya 57 milyard kubmetrdən çox qaz nəql olunub”.

Deputat əlavə edib ki, hazırda Avropa İttifaqının 10 üzvü də daxil olmaqla ümumilikdə 16 ölkə Azərbaycandan təbii qaz alır: “Azərbaycan boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir və Avropa İttifaqının qaz idxalında ilk beşlikdə yer alır. Bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu bir daha təsdiqləyir”.

"AxPoltika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr