Bakı, 27 aprel, AZƏRTAC
Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana həyata keçirdiyi işgüzar səfər iki ölkə arasında siyasi dialoqun dərinləşməsi və strateji əməkdaşlığın genişlənməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Səfər çərçivəsində Qəbələdə baş tutan yüksək səviyyəli görüşlər, dövlət başçıları arasında aparılan geniş tərkibli müzakirələr, imzalanmış sənədlər və mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə ortaya qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ukrayna münasibətləri tarixi dostluq, qarşılıqlı etimad və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində formalaşıb.
“Son dövrlərdə bu əlaqələr təkcə diplomatik platformalarda deyil, həm də real əməkdaşlıq sahələrində daha dinamik şəkildə inkişaf edir. Xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər və digər strateji sahələr yeni imkanlar yaradır. Eyni zamanda, qlobal təhlükəsizlik mühitində artan çağırışlar fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq daha da aktuallaşır. Bu mənada Azərbaycan–Ukrayna dialoqu yalnız ikitərəfli münasibətləri deyil, həm də regionda təhlükəsizlik balansına töhfə verən mühüm platforma kimi çıxış edir”, – deyə o vurğulayıb.
Nadir Azəri qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe də xüsusi önəm daşıyır: “Ölkəmiz uzun illərdir humanist yanaşması, dialoqa açıq siyasi xətti və münaqişələrdən zərər çəkmiş insanlara göstərdiyi humanitar dəstək ilə seçilir. Prezident Volodimir Zelenski də səfər zamanı bu reallığa diqqət çəkərək Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı, eləcə də ukraynalı uşaqlara yönələn diqqət və qayğını yüksək qiymətləndirdi və bu münasibətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Bu da Azərbaycanın təkcə regional deyil, həm də qlobal humanitar proseslərdə etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir”.
Siyasi şərhçinin fikrincə, Azərbaycan bu gün beynəlxalq arenada sabitlik və sülh məkanı kimi qəbul olunan ölkələrdən biridir.
“Bu status ölkəmizin balanslı xarici siyasətinin, müxtəlif tərəflər arasında dialoq körpüsü qurmaq bacarığının və etibarlı platforma rolunun nəticəsidir. Məhz bu səbəbdən Prezident Zelenski tərəfindən ABŞ–Rusiya–Ukrayna formatında mümkün danışıqların növbəti mərhələsinin Azərbaycanda keçirilməsi təklifi ölkəmizə göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycanın beynəlxalq diplomatik proseslərdə neytral, etibarlı və konstruktiv tərəfdaş kimi qəbul olunduğunu bir daha ortaya qoyur. Ümumilikdə isə bütün bu məqamlar göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş geosiyasi məzmun daşıyan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Siyasi iradənin mövcudluğu, iqtisadi maraqların üst-üstə düşməsi və təhlükəsizlik sahəsində koordinasiyanın güclənməsi bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə real əsaslar yaradır. Bu isə həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm perspektivlər formalaşdırır”, - deyə siyasi şərhçi vurğulayıb.