AZ

Azərbaycan nümayəndələri Özbəkistanın Xivə şəhərində beynəlxalq incəsənət tədbirində iştirak edirlər

Bakı, 27 aprel, AZƏRTAC

Özbəkistanın qədim Xivə şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının birinci yeri tutduğu III Beynəlxalq “Ləzgi” Rəqs Festivalı çərçivəsində “Dünyanın mədəni inkişafında rəqs sənəti: Ənənələr və universal dəyərlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Aprelin 27-də başlayan və Azərbaycan nümayəndələrinin də iştirak etdikləri tədbir iki gün davam edəcək.

AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, tədbir Özbəkistan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli "Beynəlxalq “Ləzgi” Rəqs Festivalının təşkili və keçirilməsi haqqında” Fərmanının icrası çərçivəsində keçirilir.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, Xarəzm vilayətinin İcra Hakimiyyəti, UNESCO, TÜRKSOY, Beynəlxalq Festivallar Direktorluğu, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs üzrə Tədqiqat İnstitutu, eləcə də bir sıra xarici və yerli media orqanları tədbirin təşkilində iştirak edib.

Konfransda ABŞ, Azərbaycan, Belarus, Bolqarıstan, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İran, Qırğızıstan, Qazaxıstan, Malayziya, Misir, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Fransa, İsveç və Koreya Respublikası da daxil olmaqla 20-dən çox ölkədən incəsənət tarixçiləri və xoreoqrafiya mütəxəssisləri iştirak edirlər. Özbəkistanın ali təhsil müəssisələrindən professorlar, müəllimlər, tədqiqatçılar, aspirantlar və tələbələrin də konfransa qatılıblar.

Əsas məqsəd Xarəzm rəqsi “Ləzgi”nin çoxəsrlik tarixini, onun Avestaya qədər uzanan ənənələr də daxil olmaqla mədəni irslə əlaqəsini hərtərəfli öyrənmək, estetik və etnoqrafik xüsusiyyətlərini təhlil etməkdir. Xüsusi diqqət bu unikal qeyri-maddi mədəni irsin qorunması və inkişafına müasir yanaşmaların hazırlanmasına, elmi tədqiqatların genişləndirilməsinə və beynəlxalq mədəni əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Özbək xalqının bu qədim rəqsinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi onun unikallığını və qlobal əhəmiyyətini təsdiqləyir.

Seçilən
77
3
azertag.az

4Mənbələr