Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ayrı-ayrı vətəndaşlara məxsus qanuni əmlakları ələ keçirmək istəyir.
Xatırladaq ki, Eldar Mahmudov MTN rəhbəri olduğu dönəm ərzində Bakı şəhərində yerləşən “Dolçasaray” MMC-yə məxsus yaşayış binasını inşa edən iş adamlarına hədə-qorxu gəlməklə,oğlunun adına bir neçə mənzil almasına dair hüquqi qüvvəsi olmayan müqavilələr yazdırıb.
Ancaq Eldar Mahmudovun özünün və MTN-də yaratdığı mütəşəkkil cinayətkar qruplaşmanın ifşasından sonra MTK rəhbərliyi Mahmudovun adına yazdığı mənzilləri ona verməkdən imtina edib.
Bir qrup vətəndaş isə adıçəkilən MTK-ya ödəniş edərək özlərinə mənzil alıb və təmir ediblər.
Həmin şəxslər 10 ildən artıqdır ki, ÇIXARIŞlı mənzillərində yaşasalar da, mahmudovların Bakı Apelyasiya Məhkəməsinin rəhbərliyi və hakim Məmməd Məmmədovla gizli işbirliyi nəticəsində onlar öz qanuni əmlaklarından məhrum edilmək riski ilə üz-üzə qalıb.
AzNews.az bildirir ki, məsələ ilə bağlı Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, birinci instansiya məhkəməsi vətəndaşların mülkiyyət hüququnun toxunulmaz olmasına dair qərar çıxarsa da, sonradan Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədov Konstitusiyaya və qanunlara zidd qərar çıxarıb.
Məlum olub ki, Anar Mahmudov həmin mənzilləri MTK-dan almasına dair şirkətin hesabına hər hansı məbləğ mədaxil etməyib.
Belə ki, Anar Mahmudovun məhkəməyə təqdim etdiyi sənəddə nə mənzilin dəyəri, nə də hər hansı ödənişə dair rəqəm və qəbzlər var.
Bu fakt kifayətdir ki, həmin mənzillərin Eldar Mahmudov tərəfindən hədə-qorxu ilə əldə olunması təsdiqlənsin.