AZ

Vitali, axı sən “Neftçi”sən…

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Neftçi” əzəli rəqibi “Qarabağ”a azarkeşləri önündə 1:5 hesablı məğlubiyyətə üzüldü.

“Atlılar”ın enişi və bununla yanaşı, “Neftçi”nin artan performansı görüşdən əvvəl “ağ-qaralar”ın şanslarının yüksək dəyərləndirilməsinə səbəb olmuşdu. Vəziyyət fərqli imiş…

Müdafiədə ciddi boşluqlar verən “ağ-qaralar” nəticədə darmadağın oldu. Hücum fazasında da rəqibinə “diş keçirə bilməyən” ev sahibləri əzəli rəqibinə qarşı ardıcıl 11-ci oyunda qələbə qazana bilmədi.

Bakılıların məşqçisi Vitali Vernidubun oyunsonrası açıqlaması isə “Neftçi” azarkeşlərində daha çox qəzəbə səbəb oldu. Mütəxəssis məğlubiyyəti şərh edərkən rəqibin səviyyəsinin yüksək olduğunu, komandanın hələ onlarla mübarizə aparacaq gücə çatmadığını bildirdi.

Bunu futbol ictimaiyyəti də görür. İllərdir uğursuz nəticələrlə tənqid hədəfinə gələn “Neftçi” Yuri Vernidubun gəlişindən sonra dirçəlməkdə idi. Lakin oğlu, həm də köməkçisi Vitalinin açıqlaması yerinə düşmədi. Hər kəs anlayır “Neftçi” ilə “Qarabağ” arasında yaranan fərqi, uçurumu.

Ancaq flaqmanı təmsil edən məşqçi nə üçün belə açıqlama versin?

Axı “Neftçi” böyükdür və miqyas sənin də məsuliyyətindədir… Belə məzlum mahiyətli açıqlama nəyə/kimə lazımdır?

Məğlub olmusan, yaxşı, mövsüm bir oyundan ibarət deyil, avrokuboklara vəsiqə şansların davam edir, hələ üstəlik qarşıda yenidən “Qarabağ”la oyun var…

Niyə belə bədbin fikir?

“Kəpəz” səndən daha güclüdür? Ya “Zirə”si, “Turan Tovuz”u, mövsümdə “Qarabağ”a ilk məğlubiyyəti yaşadan “Sumqayıt”ı?

Yəqin, Vernidub bu açıqlamaya görə, oğlunu tənbehləyər.

Maraqlıdır, gəlişindən sonra hər konfransda “Neftçi” əzəmətindən danışan Yuri oğlu ilə bu haqda söhbətləşməyib? Ya Vitali “Neftçi”nin hansı mənanı daşıdığını anlamır?

Hər halda, “Qəbələ”də çıxış etdiyi illərdə bunu bilirdi…

Luzer məşqçilərə xas olan bu açıqlama növbəti oyunöncəsi komandaya necə təsir edəcək?

Cavabı üç gün sonra, yenidən “Palms Sports Arena”da baş tutacaq dueldə daha aydın olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
13
futbolpress.az

10Mənbələr