AZ

Həyatı ilə suallar yaratdı, səhnəni dəyişdi, sirli sonluqla yadda qaldı - Maykl Ceksonun hekayəsi - VİDEO

Musiqi tarixində elə adlar var ki, zaman keçsə də təsiri azalmır. Maykl Cekson məhz belə simalardandır. Onu sadəcə müğənni adlandırmaq az olar. O, rəqsi, klipləri, səhnə performansını və pop mədəniyyətini dəyişən fenomen idi. Buna görə də illər keçməsinə baxmayaraq onun adı hələ də gündəmdən düşmür.

O, 29 avqust 1958-ci ildə ABŞ-nin İndiana ştatının Geri şəhərində anadan olub. 

Cekson musiqi karyerasına uşaq yaşlarında qardaşları ilə birlikdə yaradılan "The Jackson 5" qrupunun üzvü kimi başlayıb. Qrup 1968-ci ildə “Motown” şirkəti ilə müqavilə bağlayır və Mayklın seçilən ifaları sayəsində tez bir zamanda məşhur olur. 1971-ci ildə Maykl Cekson solo sinqllar buraxaraq yeni zirvələrə doğru irəliləyir. 

1979-cu ildə debüt albomu “Off the Wall” ilə musiqi dünyasında böyük diqqət çəkən Maykl Cekson qısa zamanda qlobal ulduza çevrilir. 1982-ci ildə yayımlanan “Thriller” isə onu dünya miqyasında əfsanəyə çevirdi və musiqi tarixində xüsusi yer qazandırdı.

1984-cü ildə səkkiz “Qremmi” qazanıb. Bu, bir müğənni üçün rekord göstəricidir. Ümumilikdə isə 13 “Qremmi” qazanıb.

1980-ci illərin sonlarından etibarən onun görünüşü, şəxsi həyatı və davranışları tez-tez müzakirə mövzusuna çevrilirdi. 1993-cü ildə o, ailə dostunun uşağına qarşı cinsi istismarda ittiham olunur. Yetərincə sübut olmadığı üçün Cekson günahkar hesab edilmir. 

O, 2005-ci ildə çox sayda uşağı cinsi istismar etməkdə təqsirli bilinirdi. Lakin FTB Maykl Ceksonun cinayət əməlinə dair heç bir sübut tapmır. 

Pop ulduz təkcə musiqisi ilə deyil, maraqlı həyatı və az bilinən faktları ilə də daim diqqət mərkəzində olub. Sənətçinin həyatı boyu musiqidən təxminən 500 milyon dollar qazandığı bildirilir.

Dünyadakı ehtiyac içində yaşayan uşaqları xatırlamaq üçün qara bilərzik taxırmış.

“The Moonwalk' rəqsini küçə rəqqaslarından ilham alaraq hazırlayıb. 

Amerikalı musiqiçi Littel Riçardın bioqrafik filmində rol almaq istəyib. 

Zəhərsiz ilanlara böyük marağı olub.

Pərəstişkarlarının Ceksona sevgisi bəzən dramatik hadisələrlə də yadda qalıb. 1984-cü ildə fransalı bir fanatı ona oxşamaq üçün cərrahiyyə əməliyyatına icazə verilmədiyinə görə intihar edib.

25 iyun 2009-cu ildə Maykl Ceksonun Los-Ancelesdə ürək dayanmasından vəfat etdiyi elan edildi. Həmin axşam, Londondakı konsert məşqləri arasında həkimi və köməkçiləri ilə birlikdə Los-Ancelesdəki evində istirahət edərkən, səhər qəfildən xəstələnir və təcili olaraq Tibb Mərkəzinə aparılır.

Nəfəs darlığı yaşayan və huşunu itirən Cekson komaya düşür. Onu həyata qaytarmaq üçün bütün cəhdlərə baxmayaraq, ürəyini yenidən işə salmaq mümkün olmur və o, vəfat edir. Sonradan aparılan autopsiyalar Ceksonun ölümündən əvvəl sağlam olduğunu və ölümün əsas səbəbi kimi güclü anesteziyadan istifadə edildiyini göstərdi. 7 iyul 2009-cu ildə Ceksonun ölümündən iki gün əvvəl son məşqini etdiyi Staples Mərkəzində anım mərasimi keçirildi. Maykl Ceksonun Los-Ancelesdə keçirilən vida mərasimi isə dünya miqyasında böyük rezonans doğurdu. Anım mərasiminin televiziya vasitəsilə milyardlarla insan tərəfindən izlənildiyi bildirilirdi.

Həmidə İbrahimova

Seçilən
39
2
olke.az

3Mənbələr