AZ

Kaliforniyada milyarderlərə əlavə vergi tətbiqi üçün 1,5 milyon imza toplanıb

Səhiyyə maliyyələşməsini gücləndirmək məqsədi daşıyan 5%-lik birdəfəlik vergi təklifi səsverməyə çıxarıla bilər...

Kaliforniyada milyarderlərin sərvətinə 5% birdəfəlik verginin tətbiqi təşəbbüsü geniş ictimai dəstək qazanır.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

ABŞ-nin səhiyyə işçilərinin həmkarlar ittifaqı SEIU-UHW tərəfindən irəli sürülən təşəbbüs çərçivəsində artıq 1,5 milyondan çox imza toplanıb. Təklifə əsasən, sərvəti 1 milyard dollardan çox olan şəxslərə birdəfəlik 5%-lik vergi tətbiq ediləcək və bu, əsasən səhiyyə sektorunda yaranmış maliyyə çatışmazlığının aradan qaldırılmasına yönələcək.

Məlumata görə, təşəbbüs təxminən 200-ə yaxın Kaliforniya sakininə təsir göstərə bilər. Ştat rəhbərliyi hesab edir ki, ABŞ Prezidenti Donald Trampın 2025-ci il vergi islahatları nəticəsində Kaliforniya büdcəsi hər il təxminən 28 milyard dollar itirəcək və bu, 3 milyona yaxın insanın tibbi sığortasını risk altına qoya bilər.

Təşəbbüsün ümumxalq səsverməsinə çıxarılması üçün seçki komissiyaları noyabr ayına qədər ən azı 875 min imzanın doğruluğunu təsdiqləməlidir. Bu şərt yerinə yetirilərsə, yeni verginin büdcəyə 100 milyard dollardan çox vəsait gətirəcəyi gözlənilir.

İctimai rəyə görə, təşəbbüs cəmiyyətin əhəmiyyətli hissəsi tərəfindən dəstəklənir. Hökumət Araşdırmaları İnstitutunun sorğusuna əsasən, seçicilərin 52%-i bu vergini dəstəkləyir. Bununla belə, Kaliforniya Vergi Fondu ekspertləri xəbərdarlıq edirlər ki, belə bir addım milyarderlərin ştatı tərk etməsinə səbəb ola bilər və nəticədə illik 4,5 milyard dollaradək maliyyə itkisi yarana bilər.

ABŞ-nin digər ştatlarında da oxşar vergi təşəbbüsləri gündəmdədir. Vaşinqton ştatında 1 milyon dollardan yuxarı gəlirlərə 9,9% vergi tətbiqi qərara alınıb və bu, 2028-ci ildən qüvvəyə minəcək. Meyn ştatında isə milyonerlər üçün əlavə 2% gəlir vergisi tətbiq olunub. Nyu-York ştatının qubernatoru Keti Hokul isə dəyəri 5 milyon dollardan çox olan mənzillərə əlavə vergi tətbiqini təklif edib.

Poliqon.info

Seçilən
27
39
poliqon.info

10Mənbələr