AZ

Müəllimliyin axırı budur

 

ABŞ prezidenti Donald Trampın jurnalistlərlə ziyafət-görüşü zamanı baş verən insidentdən müəyyən dərslər çıxarılmalıdır.

İlk növbədə, jurnalistlərlə görüşməyin xeyirsiz, faydasız hərəkət olmağı bir daha isbata yetdi. Məsələn, uca millətimiz sivil dünyada “4-cü hakimiyyət” sayılan, adlandırılan bu peşəni heç 74-cü peşə də saymır, qəti hörmət qoymur. “Hakimiyyət” deməməkləri cəhənnəm, “işverən” deyirlər! O da yaxşı halda, daha təhqiredici formalar var. Banklar jurnalistə kredit vermir, verilişlərini və qəzet-məzetlərini bağlayırlar, az qala bəzi çayxanalarda “Bura jurnalistlər və yəhudilər buraxılmır” elanı vurulmuşdur. 

İkincisi, terror cəhdi edən tipi yaxalayıblar, məlum olub bu adam... müəllimdir. Buyur. Müəllimdən kim xeyir görüb ki, Tramp da görsün? Gedib repetitorluq eləmək əvəzinə silah alıb hotelə hücum çəkir... Bəlkə dərinə getsən ana dili müəllimi çıxacaq.

Müəllim, ümumiyyətlə, çox zərərverici peşədir, çünki uşaqların beynini pozmaqla məşğul olur, onlara elm, bilik, təlim, tərbiyə-zad öyrədir. Nəticədə uşaqlar həyatın qoynuna atılanda mağmın və lüzumsuz əşyalara çevrilirlər. Halbuki, əsl müəllim uşağa həyasızlıq, əxlaqsızlıq, axmaqlıq, səydəşlik, düşüklük, yalançılıq, yaltaqlıq və sairə bu kimi həyatda lazım olacaq keyfiyyətlər aşılamalıdır. Biz bunları yaxşı dərk etdiyimiz üçün müəllim peşəsinin kökündən ləğvinə çalışırıq. Bu istiqamətdə dövlət proqramları işlənilir, hazırlanır.

Heyf deyildi sovetin vaxtı... Onda müəllim uşaqların qulağını dartıb eşşək qulağı boyda eləyə bilirdi. Valideyn uşağı məktəbə gətirib verəndə xahiş edirdi ki, bunu mümkün qədər çoxlu döyün, əlindən bezmişik. Yoxsa indi... Hərə əlinə bir kamera alıb müəllimin masaya çırtma vurmağının videosunu çəkir, nə bilim, direktorun süpürgə pulu almağının səs yazısını yayır.

Ta məlum deyil camaat niyə direktor olmalıdır, məqsəd nədir. Bəzi məktəblərə bu səbəbdən direktor qoymağa adam tapılmır, işləri qarovulçu həll edir. Bizim uşağın məktəbində bir ara təlim-tərbiyə işləri üzrə direktor müavini ştatında qazanxananın ocaqçısı çalışırdı. Zarafat eləmirəm. Gül kimi də işləyirdi, çünki uşaqlara deyirdi özünüzü yaxşı aparmasanız sizi sobaya basıb yandıracam, barı otaqları isitməyə xeyriniz dəyər. Həmin il məktəbimizi bitirən bütün uşaqlar energetika texnikumuna girdilər.

Söz düşmüşkən, sizə bir proqnoz verim: yaxın illərdə biz xəstəxana baş həkimi və voyenkom qoymağa da adam tapmayacağıq, çünki o vəzifələrdə kadr dəyişikliyinin sürətinə çatmaq çətinləşmişdir. Bəzən baş həkimlər elə tez-tez dəyişilir ki, xəstə əməliyyata girəndə bir adamı, narkozdan ayılanda başqa adamı görür, tikişlər söküləndə tamam qeyrisini. Neyrocərrahiyə həkimi olan bir yoldaşın ötən aylarda bu temada çox gözəl məsəli var idi, deyir, TƏBİB-in müdiri xəstəxanamıza gəlmişdi, bizdən nə lazım olduğunu soruşanda ona söylədim ki, xəstəxanamızın baş həkimlərini tez-tez dəyişməkdənsə mikroskopumuzu dəyişin. Sən demə orda Nuh əyyamından qalma mikroskopla pasiyentlərin beyninə baxırmışlar.

Ancaq insafən beyin olmayandan sonra nəyə baxasan? Məsələn, yuxarıda adını çəkdiyim vayenkom – hərbi çağırışın müdiri vəzifələrinin sürətli dəyişməsinin dərdi bir az başqadır, məhz beyin dərdidir. Yenə 7-8 vayenkomun vayına oturublar – rüşvət almaq üstündə tutub basıblar. Əsgərlikdən uşaqları yayındırmaq, saxta sənəd və sairə üstündə. Artıq biz bu cür əməllər üstündə tutulan vayenkom sayını itirmişik. Bəyəm bu adamların beyni və ağlı olsa ilişəcəklərini anlamazdılar?

Qalan bütün sahələrdə rüşvətxorluq azalıb, bircə orda azalmır ki, azalmır. Hamısını eləyən müəllimlərdir.  

 

Seçilən
16
musavat.com

1Mənbələr