AZ

Rusiyada daha bir siyasi məhbus öldü

Rusiyada həbs olunan siyasi fəalların müəmmalı ölümləri davam edir. Bu dəfə məhbəsdə və ya mərhələdə həyatını itirən şəxs 64 yaşlı fəal Oleq Tırışkin olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Oleq Tırışkin Kuzbass bölgəsindən olan keçmiş şaxtaçı və həmkarlar ittifaqı fəalı idi. Onun təxminən mart ayının sonunda öldüyü bildirilir. Yaxınlarının və onunla yazışan fəalların sözlərinə görə, ölüm səbəbi ürək problemləri olub.

Tırışkinin harada öldüyü dəqiq bilinmir. Bir versiyaya görə, o artıq azadlığa buraxılmışdı, digər məlumata görə isə mərhələdə idi. Könüllülər Novaya-Europe nəşrinə bildiriblər ki, o, Kemerovodakı koloniya xəstəxanasında ölmüş ola bilər. Meyiti isə Anjero-Sudjensk şəhərində dəfn edilib.

Oleq Tırışkin 2024-cü ilin dekabrında iki il azadlıqdan məhrum edilmişdi. Ona qarşı “terrorizmə haqq qazandırma” ittihamı irəli sürülmüşdü. Səbəb isə sosial şəbəkə VK-da Axmat Kadırovın ölümü ilə bağlı yazdığı şərh idi.

2025-ci ilin fevralında apellyasiya iclasında Tırışkin səhhətinin ağır olduğunu bildirib. O, videobağlantı zamanı kamera otağının döşəməsində uzanmış vəziyyətdə iştirak etmiş və “Ayaqlarım artıq yerimir, nə edəcəyimi bilmirəm” demişdi. Məhkəmə isə şikayəti rədd edib.

Memorial onu siyasi məhbus kimi tanıyıb. Maraqlıdır ki, aprelin 24-də Rosfinmonitorinq onun adını terrorçu və ekstremistlər reyestrindən çıxarıb. Həmin vaxt ölüm xəbəri hələ məlum deyildi.

Bu, son iki ayda Rusiyada həyatını itirən dördüncü siyasi məhbusdur.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr