AZ

Tahir Kərimli: “İstəyirəm ki, sərvətlər, mülkiyyət bütün dünyada, mənim Azərbaycanımda da ədalətlə bölünsün”

“Bəzən mənə irad tuturlar ki, Amerika-İsrail-İran müharibəsinə biganəsən. Əvvəla, biganə deyiləm. Məsələ ilə bağlı bir neçə dəfə reaksiya vermişəm. Bildirmişəm ki, heç bir dövlətin gündəliyində vahid Azərbaycan məsələsi yoxdur. Aldanmayaq, dörd dəfə aldanmışıq... Məni necə ittiham etmək olar ki, 22 yaşımda yazdığım 40 maddədən ibarət "Mənim kredom" adlı yazımda harada ölsəm, üzü Təbrizə doğru dəfn olunmağımı arzu etmişəm. Yəni bu söhbətə biganə ola bilmərəm. Sadəcə, bir şeyi bilmək lazımdır, Amerikanın, İsrailin İranla müharibəsi, körfəzdə, dünyada olan təlatümlərin hamısı var-dövlət, neft-qaz, sərvətlər, bu sərvətlərin, ərazilərin yenidən bölünməsi, onlara nəzarət uğrunda mübarizədir. Dünyanı idarə edənlərin - ABŞ, Çin və digər dövlətlərin orada  mənafeyi toqquşur? Bunu yenidən bölmək, ələ keçirmək uğrunda müharibə gedir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri sabiq deputat Tahir Kərimli deyib.

 

O qeyd edib ki, dünyanın bütün müharibələri bir körpə uşağın ölümünə, onun göz yaşlarına dəyməz: “Dərdim budur ki, sərvətlər, mülkiyyət bütün dünyada, mənim Azərbaycanımda da ədalətlə bölünsün. İstəyirəm ki, insanlar rahat şəkildə yaşaya bilsinlər, ölməsinlər, təlatümlər içində olmasınlar, rahat çörək yesinlər, dolansınlar, balalarını, ailələrini saxlasınlar. Qlobal mənada da dərdim başqadır. Dərdim budur ki, övladlarımız 50-100 il bu dünyada yaşaya bilsinlər? Biz öz əlimizlə atmosferi dağıdırıq. Onunla insanlar, canlılar yaşayırlar. Dərdim bu deyil ki hansısa dövlət qalib gəlsin - Amerika, yaxud İran... Mənim dərdim millətlərin, xalqların, o cümlədən mənim Azərbaycanımın rahat yaşayışı, rahat həyat sürməsidir. Kim istəməz ki, milləti böyük olsun, birləşməsin?  Böyük vahid Azərbaycan torpaqları - bu bizim yüz illərlə arzumuz deyilmi?  Amma bunun bir nəticəsi olmalıdır. Dörd dəfə xalqım İranda qalxdı, uduzdu, uduzduruldu. Biz uduzmamalıyıq, yüz minlərin göz yaşına, ölümünə, şikəstliyinə səbəb olmamalıyıq”.

 

Aytəkin Qardaşova

Tarix: 25 Aprel 2026, 13:43   
Seçilən
57
pravda.az

1Mənbələr