AZ

İran qarışdı: SEPAH iki vilayətdə 240-dan çox adamı qanlı əməliyyatla həbs etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın iki strateji vilayətində genişmiqyaslı xüsusi əməliyyat keçirərək 240-a yaxın şübhəli şəxsi saxlayıb.

Musavat.com xəbər verir ki, "Mehr" agentliyinin yaydığı məlumata görə, Kürdüstan vilayətində keçirilən reydlər zamanı kürd silahlı qruplaşmasının bir üzvü zərərsizləşdirilib, 11 nəfər isə həbs edilib.

Əməliyyat zamanı həmçinin böyük miqdarda silah-sursat anbarı aşkar edilərək götürülüb; əlavə reydlər nəticəsində daha 70 nəfər dəmir barmaqlıqlar arxasına göndərilib. Kirmanşah vilayətində isə vəziyyət daha gərgin olub; burada SEPAH "əks-inqilabçı qruplara" üzv olmaqda ittiham edilən 155 nəfəri saxlayıb ki, onların arasında İsrailin "Mossad" kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən dörd "casus" da var.

Eyni zamanda, paytaxt Tehranda polis raket zərbələrinin düşdüyü yerlər barədə məlumatları toplayaraq "düşmən şəbəkələrə" ötürməkdə təqsirləndirilən bir nəfərin həbs edildiyini açıqlayıb. Bu kütləvi həbs dalğası ölkə daxilində təhlükəsizlik tədbirlərinin ən yüksək həddə çatdırıldığını və xarici kəşfiyyat şəbəkələrinə qarşı mübarizənin sərtləşdiyini göstərir.

Hazırda saxlanılan şəxslərin dindirilməsi davam edir və bölgələrdə hərbi nəzarət gücləndirilib. Qeyd olunur ki, bu əməliyyatlar həm də daxili sabitliyi pozmağa yönəlmiş mümkün qiyam cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.


Musavat.com

Seçilən
67
musavat.com

1Mənbələr