AZ

“Alen Delon”luqdan, “Kazanova”lıqdan imtina edən “Albert Eynşteyn” Səyyad Ağayev: 50

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Onunla tanış olanda cavan, enerji dolu yaraşıqlı gənc idi! Aramızdakı yaş fərqinə görə hətta zarafata deyirdim ki, Amerika, Fransa Kino Akademiyaları kor qalsın, səni görməyən yerdə. Bir az da dərinə gedib lap “bayağı”laşdırırdım:

- Yakışıklı boylim, sənin bütün parametrlərin imkan verir ki, “Krasnıy Drakon”, “İnfiniti”, “Tural”, “Koral” kimi gecə barlarına hər axşam göz yetirib ən gözəllərini sonalayasan və həyatdan zövq alasan, sənsə riyaziyyatla məşğulsan! Qoy riyaziyyatla “Nikola Tesla”, “Albert Eynşteyn” kimi “urod”lar uğraşsın, rəqəmlərin, düsturların, teorem və tənliklərin gözəlliyini, rəngini, notunu, prelüdünü elələri bilir, sənin nə işin var arifmetikada, heç bir arifliyin də yox!

Səyyad Ağayev, xüsusilə də yaş fərqinə görə, sadəcə, bu yarızarafat-yarıciddi “şitliyə” susmaqla, bir az da həya-abıra sığınaraq qızarırdı.

Mənim tanıdıqlarımla doğmalaşma prinsiplərimdən ilki və birincisidir adamın əxlaqındakı “boş yer”ini tapmaq, məlum olandan sonra, münasibətimizin gələcəyi haqqında qərar verirəm.

Səyyad Ağayev abır-həyalı, əxlaqlı, ailə dəyərlərinə sadiq olan gənc idi, ilk tanışlığımızdan bu günə qədər də elə qalıb: tam 20 il!

Səyyadın “Neftçilər” prospektindəki birotaqlı kirayə evinə ev əşyalarım, kitabxanam və pal-paltarımla sığındığım vaxtlar idi. Onda mənə çatdı ki, Səyyad Ağayev…

Hitler hakimiyyətə gələn kimi göstəriş verir ki, axtarın tapın alman xalqının içində təmiz – ari olanları, yəni ata və ana tərəfdən yeddi arxa dönənində boşanan, oğru, fahişə, peysər, qurumsaq, dələduz olmayan oğul və qızları, cütləşdirin! O dövrün Almaniyasında cəmi 7 min belə cütlük ələ gəlir. Onlar ari sort sayılır (təəssüf ki, aqibətləri barədə bir bilgi verilmir)!

Bax, Səyyad Ağayevin həm elmi, həm də pedaqogikanı seçməsi hesabına onu o ari sortdan sayıram – nəzərə alın ki, Səyyad Ağayev həm intellekti, həm də zahiri gözəlliyi ilə “Alen Delon”luğu, “Kazanova”lığı da seçə bilərdi, amma və lakin… gəncliyində çox az müddət bir otaqda qaldığımız dostum Elmin və Pedaqogikanın İşıqlı Komponenti olmağı mütərəqqi ruhuyla seçdi!

1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini bakalavr pilləsində başa vuran Səyyad Ağayev 2001–2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsi üzrə magistr dərəcəsində məzun olub. 2007–2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Ekonometrika” ixtisası üzrə doktorantura təhsili alıb: Mövzu da çox maraqlıdır: “Vergidən yayınma risklərinin modelləşdirilməsi”.

Təbii ki, gərgin zəhmət, ardıcıl çalışmalar bəhrəsini verib: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 fevral 2014-cü il tarixli (protokol №03) qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb! Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 oktyabr 2017-ci il tarixli (protokol № 26-K) qərarı ilə Ekonometrika ixtisası üzrə Dosent elmi adına yiyələnib!

Bakı Dövlət Universiteti (“Optimallaşdırma və idarəetmə” kafedrası, ”Ekonometrika”, “Sosial-iqtisadi proseslərin modelləşdirilməsi” və “Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi” fənni), Azərbaycan Universiteti (“Ümumi iqtisadiyyat” kafedrası, “Statistika” fənni), Milli Aviasiya Akademiyası (“Dünya iqtisadiyyatı” kafedrası, ”Ekonometrika”, “Statistika”, “Makroiqtisadiyyat” və “Beynəlxalq biznes” fənləri), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC Biznes Məktəbində “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrası, dosent, “Biznes və İqtisadiyat üçün Statistika”, “Beynəlxalq Maliyyə”, “Qlobal Mühitdə Biznes”, “Maliyyə risklərinin idarə olunması”, “Qərar qəbuletmədə tədqiqat metodları” və “Texnologiya və əməliyyatlar menecmenti” fənləri), UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (“Biznes Statistikası”, “Beynəlxalq İqtisadi Əlaqələr Statistikası”, “Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi” fənləri), AMEA İdarəetmə Sistemləri İnstitutunun magistratura şöbəsində “İqtisadi proseslərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması” fənni), Azərbaycan Turizm və Menecment Universiteti (“Ümumi iqtisadiyyat” kafedrası, dosent, “Ekonometrika” “Maliyyə risklərinin idarə olunması”, “Maliyyə təhlili” fənləri), Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası (“Gömrük işi və idarəetmə” kafedrası, “Ekonometrika”, “Ehtimal nəzəriyyəsi və riyazi Statistika”, “Statistika” fənləri), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (“Ümumi Tətbiqi Riyaziyyat” kafedrası, dosent) – adlarını sadaladığım bu ali məktəblərdə Səyyad Ağayev müəllim və dosent kimi təqdirəlayiq pedaqoji fəaliyyətə imza atıb! Ölkənin nüfuzlu ali məktəbləridir! Və Səyyad Ağayev mənim nəzərimdə təkcə TƏLƏBƏLƏRƏ mühazirə oxuyan, seminar aparan, imtahan götürən, elmi dərəcəsi və rütbəsi olan pedaqoq deyil, həm də müəllim yoldaşlarına qarşı rəğbət oyadan gözəl bir insandır: olur axı, tələbələr müəllimdən narazılıq edir! Bax, Səyyad müəllim o narazılıqları aradan qaldırmaqda da mahir pedaqoqdur! Təkcə özünü yox, həm də həmkarlarını, bütövlükdə isə Azərbaycan elmində pedaqogikanın şərəfini düşünür!

Ötən iyirmi ildə yaradıcı axtarışlarına fasilə vermədən çalışan Səyyad müəllim hazırda Elmlər doktoru hazırlığının dissertanturasında “Ekonometriya” ixtisası üzrə “Nəqliyyat sistemində daşınmaların ölkənin sosial-iqtisadi inkişafına təsirinin modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Elmi məsləhətçisi əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Yadulla Həsənlidir. Həm də bir monoqrafiya müəllifidir Yadulla Həsənli ilə.

30 elmi məqalənin müəllifi olmaqla, 10-u xaricdə elmi jurnallarda, 3 tədqiqat işi dünyanın ən böyük elmi istinad bazası “Scopus” və 3 məqaləsi “Web of Science” məlumat bazasına daxil olan məcmuədə dərc edilib.

Ölkədə və xaricdə keçirilən beynəlxalq konfranslarda məqalə ilə çıxış etmişdir.

Bir neçə tədqiqat və layihədə (2011-2012 Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF-2011-1(3)-82/76/5-M-77) nömrəli qrantında icraçı; 2013-2015 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən 2013-cü il üçün elan olunmuş elmi-tədqiqat layihələri üzrə müsabiqəsinə təqdim olunmuş “Neft-qaz ehtiyatlarının istismarının dayanıqlı inkişafa təsirinin qiymətləndirilməsi” mövzusu üzrə layihədə icraçı; 2015-2017 Azərbaycan Milli Elmlər Akademiyası Elmi-Tədqiqat Proqramlarının “Ölkələrarası qarşılıqlı borcların təhlili və modelləşdirilməsi” mövzusu üzrə layihədə icraçı) iştirakı xüsusilə diqqəti çəkir.

50 yaşı tamam olan elm və əxlaq isminin pedaqoji fəaliyyəti rəğbət doğurur!

Yazının əvvəlində qeyd etdiyim bir neçə yardımçı və zəruri izahedici amillərə əlavə olaraq deyim ki, Səyyad Ağayevdən yubiley yazısını niyə ürəkdən qələmə aldım: Səyyad müəllim ÖYRƏTMƏNliyi seçdi və bu, onun ən doğru qərarıydı.

Bir gün Musa peyğəmbər Tanrı ilə söhbətində soruşur ki, mənim ümmətimə heçmi məğlubedilməz sərkərdə göndərmədin, Tanrı deyir ki, yaşadığın küçənin başındakı pinəçi dükanını tanıyırsanmı? Musa peyğəmbər deyir, bəli, ya Rəbbim!

- Bax, o pinəçilik edəni mən qövmü üçün məğlubedilməz sərkərdə yaratmışdım, o isə gedib pinəçilik edir!

Başqa hər hansı sahədə çalışsaydı Səyyad müəllim, eynən o pinəçi günündə və aqibətində olardı! Çünki Səyyad Ağayev Tanrı tərəfindən riyaziyyat elmi ilə əlaqəli olanları ÖYRƏTMƏK QABİLİYYƏTİ ilə görəvləndirilib-mükafatlandırIlıb! Və bu müəllimliyi-öyrətmənliyi də TƏMƏNNASIZ edir!

Sevimli hədislərimdəndir: Tanrı qiyamət günü üç bəndəsini şəxsən mühakimə edəcək – şəhidi, xeyriyyəçini və müəllimi!

Şəhiddən soruşacaq ki, mən sənə güc, cəsarət vermişdim, sən neylədin? Şəhid deyəcək ki, ya Rəbbim, gördün də, mən sənə görə özümü atəşə-gülləyə atdım! Tanrı deyəcək: “Yalan demə, sən şöhrət üçün irəli atıldın, güman elədin ki, hədəfdən yayınacaqsan, gücün, nüfuzun, cəsarətin qarşısında kimsə duruş gətirməz (əlbəttə ki, bu hədis istisnalıq təşkil edir, bütün şəhidlərə aid deyil, allah cəmi şəhidlərimizə rəhmət eləsin!)!” İkincisi, xeyriyyəçilikdə ad çıxarmışlar olacaq. Soruşacaq Tanrı: “Sənə, adını yaza bilməyənə, hesab-kitabdan başı çıxmayana o qədər sərvət verdim, sən neylədin?” Xeyriyyəçi deyəcək ki, ya Rəbbim, gördün də, hər qurban bayramında kasıb-kusuba əl tuturdum! Tanrı üzünə çırpacaq: “Yalan demə! Sən cəmi 200 manat dəyəri olan bir kisə düyü, bir kisə qənd, bir qutu yağ paylayırdın, amma onların cəmi pulundan iki dəfə artığını, Az.TV-nin cənub bölgəsinin müxbirəsinə 400 manatı rüşvət verirdin ki, bütün ölkəyə səni xeyriyyəçi kimi təqdim etsin!” Nəhayət, Tanrı müəllimi sorğu-sual edəcək: “Mən sənə ÖYRƏTMƏK İSTEDADI-QABİLİYYƏTİ vermişdim elmlər doktorları, akademiklər, ixtiraçılar qala-qala, sən neylədin?”

- Ya Rəbbim, gördün də, hər il şagirdlərim ən yüksək bal yığırdı, qəbul olunurdu!

Tanrı sarkazmla deyəcək: “Mən sənə o qabiliyyəti təmənnasız vermişdim, sən repetitorluq edirdin, sinifdə öyrətmirdin, evində öyrədirdin, pulla!”

Səyyad Ağayev Tanrı sorğu-sualına məruz qalmayacaq pedaqoqlardandır: ən azından mən 20 ildir onun təmənnasız şagird və tələbələri üçün çalışdığına şahidəm!

Səyyad Ağayevin daha bir gözəl genetik üstünlüyü var: atası İsaq kişi 2020-ci ilədək Masallı rayonu Boradigah qəsəbə xəstəxanasında feldşer işləyib! Hörmətli kişilərdəndir!

Fikir verirsinizmi – ata feldşer olaraq, sağlamlıq üçün İLKİN tibbi YARDIM təmsilçisi, Oğul müəllim olaraq, İLKİN elmi YARDIM təmsilçisi?

Ailə İNSANLIĞIN YAŞAM VƏ TƏFƏKKÜR bölümündə “təcili yardım” koduna malik!

25 aprel 1976-cı ildə Masallı rayonunun Kubin kəndində anadan olan yubilyarımız 1982-1991-ci ildə Masallı rayonu Kubin kəndi Şəhid Eldar Xamiyev adına natamam orta məktəbdə, 1991-1993-cü ildə Hişkədərə kənd orta məktəbində orta təhsil alıb!

Həm şagird, həm bakalavr, həm magistr, həm elmlər namizədi, həm dosent və həm də, ƏN BAŞLICASI, İNSAN ADINA ləyaqətli bir vətəndaş!

Bu gün mən Səyyad Ağayevi tanıdığım üçün özümü çox şanslı sayıram! Çünki 40 illik jurnalistlik faəliyyətim dövründə “qazancım” deyə biləcəyim çox azsaylı pedaqoqlardan biridir: MÜƏLLİM mənim qırmızı cizgimdir! Müəllim mənim əlini öpüb alnıma çəkdiyim hocamdır!

Sevirəm müəllimləri və müəllimliyi – mən müəllimlik edə bilsəm də, etmədim!

Müəllim səbrli olmalıdır, müəllim ruhunun cazibəsi, səsinin sehri olan, gözə yaraşıq kimi görünən mələk misalı!

Səyyad Ağayevdə bunların hamısı var!

Xanım anası – Xamiyeva Zəhra Şıxı qızı ilə, 15 gün fərqlə, ondan 20 il böyük olan Anası ilə yubileylərini qeyd edir: heç bir ibtidai və orta təhsili olmayan 70 yaşlı Ana ilə.

Kiçik bir kənddən kainatı anladan elmə vara bilən Səyyad müəllimin iki oğlu var. Böyük oğlu Kərim Ağazadə Milli Aviasiya Akademiyasının “Biznesin idarə edilməsi” ixtisasında 2-ci kursda oxuyur, kiçik oğlu Rahim Ağazadə isə 8-ci sinifdə oxuyur.

Niyə belə təfərrüatlı və təfsilatlı-detallı yazdım?

Səyyad Ağayev iqtisadçı olsa da, ətrafında hamı yazı-pozu adamıdır və ümid edirəm ki, hərəsi bir təbrik mətni yazacaq. Uzun və çox, təfsilatlı-detallı yazmağa o dostların vaxtı olmur, istəsələr də tapmazlar! Təfərrüata varmadan deyim ki, Səyyad Ağayev gələcəkdə DAHA ÇOX xatırlanan alimlərdəndir: zaman gələcək onun yüksək tribunalarda qərarlaşan tələbələri səmimi şəkildə etiraf edəcəklər: bizim çox gözəl, yaraşıqlı, əxlaqlı, ləyaqətli, intellektli və bizə təmənnasız ELM öyrədən müəllimimiz vardı, Səyyad Ağayev. Ona görə də onda dinləyənlər google-də axtarışa verəndə, qoy ciddi bir yazı oxusunlar!

Təbrik edirəm, boyli – Səyyad müəllim!

50 yaşın həyati gözəlliyinə bir riyazi gözəllik də Tanrıdan gəlsin!

Aydın Canıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
www.bakupost.az

1Mənbələr