AZ

Xankəndi küçələrində yaşıl nəfəs: Gələcəyin şəhəri belə qurulur

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəzən bir şəhərin nəbzini onun küçələrində hərəkət edən nəqliyyat vasitələrindən tutmaq olar. Uzun illərin sükutundan və bozluğundan sonra Xankəndi bu gün özünün ən rəngli, ən müasir və ən "təmiz" dövrünə qədəm qoyur. AYNA-nın Xankəndi üçün hazırladığı yeni marşrut şəbəkəsi və xidmətə verilən "BakuBus" elektrik avtobusları sadəcə sərnişin daşımayacaq onlar həm də bu şəhərə müasirlik, intizam və yeni həyat tərzi daşıyacaqlar.

İlk növbədə, seçimə diqqət edək. Elektrik avtobusları. Bu gün dünyanın ən inkişaf etmiş paytaxtlarının hələ tam keçid edə bilmədiyi "yaşıl nəqliyyat" modeli bu gün Xankəndidə reallığa çevrilir. Bu, Azərbaycanın işğaldan azad edilmiş əraziləri "Sıfır emissiya" zonasına çevirmək strategiyasının əyani sübutudur. Şəhərin ekologiyasını qorumaq, səs kirliliyini minimuma endirmək və sakinlərinə ən yüksək komfortu təqdim etmək budur əsl quruculuq!

Xankəndidə avtobuslarda ödənişin yalnız nağdsız qaydada "BakıKart", QR-bilet və NFC texnologiyası ilə olması çox ciddi bir mesajdır. Bu, şəhər infrastrukturunun sıfırdan, lakin ən son texnoloji standartlarla qurulduğunu göstərir. Artıq sərnişin cibində xırda pul axtarmır, Apple Pay və ya Google Pay ilə bir toxunuşla yoluna davam edir. Bu, rəqəmsal Azərbaycanın Xankəndi imzasıdır.

Marşrutların təyin olunduğu nöqtələr də təsadüfi deyil. Qarabağ Universiteti, şəhər klinikası, dəmiryolu kompleksi və Kərkicahan qəsəbəsi... Bu marşrutlar şəhərin strateji damarlarını bir-birinə bağlayır. 14-15 dəqiqəlik intervallar isə sərnişinə bir güvən verir: "Mən dayanacağa çıxanda nəqliyyatım gələcək". Bu güvən hissi sakinlərin şəhərə adaptasiyasını sürətləndirən ən mühüm amildir.

Bakı və Gəncənin müasir nəqliyyat mədəniyyətinin Xankəndinə köçürülməsi, AYNA-nın monitorinq mərkəzindən hər bir avtobusun real vaxtda izlənilməsi dövlətin bu bölgəyə verdiyi dəyərin miqyasını göstərir. Xankəndi artıq köhnə xatirələrin deyil, gələcəyin şəhəridir.

Səssizcə küçələrdən süzülüb keçən o ağ-mavi elektrik avtobusları həm də bir zəfər yürüşüdür sivilizasiyanın, texnologiyanın və quruculuğun zəfəri. Yolunuz açıq, mənziliniz mübarək olsun, Xankəndi sakinləri!

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
17
bizimyol.info

10Mənbələr