AZ

Bir gəncin manifesti

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İlkin ÖZ

"Dünya həssas qəlblər üçün cəhənnəmdir"

Höte

Hərdən mənə elə gəlir ki, "zəmanə adamı" deyiləm. Dostlarım da bəzən bu reallığı yarızarafat, yarıgerçək üzümə vururlar. Məncə, otuz-qırx il əvvəl yaşasaydım, daha xoşbəxt olardım. Ol səbəbdən ki, dövrlə ayaqlaşmaqda, doğrudan, çətinlik çəkirəm.

Sevdiyim, məşğul olmaq istədiyim sahələrə can atdıqca kapitalizmin vahiməli baxışlarını daim üzərimdə hiss etmişəm. Ömür boyu da bu baxışlar məni narahat edəcək. Bəxtiyar Firuzə ilə bir dəfə söhbət etmişdik, dedikləri mənə olduqca təsir eləmişdi: "İstedadını kapitala çevirə bilməmək Don-Kixotluqdur".

Yəqin ki, doxsanıncı illərdə yaşasaydım, poçtalyon olardım. "Texnologiya əsri", həqiqətən, mənə yaramır. Bəlkə də yanılıram, amma bütün münasibətlər süniləşib. Hər kəs "virtual" xoşbəxtlik axtarışındadır.

Nədənsə çox adam xoşbəxtliyi maddiyyatla əlaqələndirir. Haqlı olduqları tərəflər var. Zənnimcə, xoşbəxtlik alınası-satılası məfhum deyil. Yanında səni sevən, dəyər verən, başa düşən adamlar varsa, xoşbəxtsən. Əks halda, milyonun olsa belə, bədbəxt adamsan...

Bu cəhətdən həmişə əziyyət çəkmişəm. Məni anlamaq istəyən adamların olmadığını düşünmüşəm...

Hərbi xidmət vaxtı uzun müddət ünsiyyət problemi yaşayırdım. Qurduğum cümlələri opponentim başa düşmürdü. Ona görə də həmin mühit həmişə məni sıxıb. Heç kimlə danışmaq istəmirdim. Boş vaxt tapan kimi kitab oxuyurdum. Apardığım kitablara görə də çox vaxt töhmət gəlirdi mənə:

- Başını burax o kitabların. Pul qazanmağa bax! (Bu sözə həmişə nifrət eləmişəm...)

Günlərin birində poliqonda "naryad" idim. Yay günü, səhralıq, su qıtlığı. Bircə bizim obyektdə su var idi. Mənə qəti tapşırıq verilmişdi ki, heç kəsə bir damcı da su verməyim, ərazidəki ağaclar suvarılmalıdır.

Məndə o ürək hardadır, kimsə su istəsin, burnunun üstündən vurum. Gələnə-gedənə xəlvət su verib yola salırdım. Nəsə, bir az başım qarışdı. Gördüm ki, patrul rəisinin qışqırtısı aləmi götürüb:

- Mirələmovvvv! (Soyadımı eşitmək mənimçün çox əzabverici idi).

Deməli, su içməyə gələn əsgərlər kranı açıq qoyub getmişdilər. Çəndə su qalmamışdı. O gün babat danlandım. Başa düşdüm ki, hərbi xidmət üzü yumşaq adamlar üçün uyğun məkan deyil. Elə oldunsa, daim əzab çəkəcəksən...

Filosofluq kimi çıxmasın, həyat da belədir: Sentimentalsansa, uduzacaqsan...

Həyata emosional müstəvidən baxan kəslər, qətiyyən, xoşbəxt ola bilmirlər. Cavid deyirdi ki, mənim tanrım gözəllikdir, sevgidir. Gəl ki, indi gözəllik də, sevgi də müstəsna mahiyyətini itirib.

Musiqi, dil, ədəbiyyat, milli-mənəvi dəyərlər aşınma prosesindən keçir. Şəhərdə, metroda, avtobuslarda kor-koranə harasa tələsən izdihamdan başqa heç nə gözə dəymir. Sanki mistik ab-hava hamıya təsir edib.

Ən pisi də heç kim, heç kimə etibar etmir, nəticədə, şəxsi münasibətlərdə natamamlıq yaranır. Təxminən bir ay əvvəl statistika çıxdı ki, ölkəmizdə evlənənlərin sayı azalır, boşananların sayı artır. Bu onun göstəricisidir ki, ailə dəyərləri də artıq sıradan çıxır.

Düzü, hər kəs bir-birini müəyyən şərtlər daxilində sevir. Üstəlik, bu şərtlər nə hikmətdirsə, çox vaxt kişilərin üzərinə yüklənir.

Üzr istəyirəm, indiki vaxtda ciddi münasibət qurmaq, hər hansı bir müəssisəyə CV təqdim etməkdən fərqlənmir. Uğurlu nəticə üçün lazımi şərtlər belədir:

1. Ali təhsil

2. Xarici dil (arzu olunandır)

3. Şəxsi ev

4. Şəxsi maşın

Demirəm olmasın, ancaq bu qədər tələbkarlıq nəyə lazımdır? Və yaxud pul, ev, maşın adamı xoşbəxt etməyə bəyəm kifayətdirmi?

Uzağa getmirəm, beş ay əvvəl bir xanımla tanış olduq. Havadan, sudan, filmdən, kitabdan danışdıq. Ortaq dəyərlərimiz bizi üz-üzə gətirdi, söhbət etdik, deyib-güldük. Nəhayət, məsələ ciddiləşəndə bu münasibət həmin problemlərlə bağlı yekunlaşdı. Qarşı tərəf qısa-konkret mənə dedi ki, şəxsi evin yoxdur, səninlə gələcək qura bilmərəm...

Olsun... nə onda, nə özümdə günah görürəm. Fəqət iyirmi dörd yaşım var, dörd il ali təhsil alıb, bir il hərbi xidmət etmişəm, hazırda işsizəm. Ümumiyyətlə, xidmətdən qayıtdığım vaxtdan mənimçün məşəqqətli bir dövr başladı...

Müşahidələrim göstərir ki, bütün bunlar əksər həmyaşıdlarımın ortaq problemidir. Çünki aşağı-yuxarı hamı eyni vəziyətdədir.

Ən pisi də odur ki, əvvəlki nəsil bizdən əlini üzüb, camaat gənclərdən giley-güzardı, mənəvi dəstəklərini belə əsirgəyir. Hamını öz problemləri narahat edir. Belə olanda adam istər-istəməz özünü tənha hiss edir.

Mir Cəlalın "Bir gəncin manifesti" romanında Baharın yaşadığı daxili iztirabları, sıxıntıları müasir gənclərin fonunda hiss etmək çətin deyil.

Fəqət nə gənclərə Baharın güzəranını, nə də cəmiyyətə gənclərə qarşı laqeydlik arzulayıram...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
50
525.az

10Mənbələr