ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Mingəçevir, 24 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfrans regionda ilk dəfə olaraq psixologiya sahəsində müxtəlif istiqamətləri bir araya gətirən genişmiqyaslı elmi platforma kimi diqqət çəkir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov belə elmi platformaların regionlarda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, müasir dövrdə psixoloji rifahın təmin olunması, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafı baxımından elmi tədqiqatların rolu getdikcə artır. O, multidisiplinar yanaşmanın müxtəlif sahələr arasında inteqrasiyanı gücləndirdiyini, praktiki həllərin formalaşmasına töhfə verdiyini bildirib və konfransın elmi nəticələrinin regionun sosial inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
MDU-nun rektoru Anar Eminov konfransın təşkilini universitetin elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Rektor qeyd edib ki, konfransa 27 müəssisə və təşkilatdan ümumilikdə 265 elmi məqalə qəbul olunub. Bu, psixologiya sahəsinə elmi marağın genişləndiyini nümayiş etdirir.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev qeyd edib ki, belə tədbirlər ali təhsil müəssisələri arasında elmi dialoqun inkişafı, təcrübə mübadiləsinin genişlənməsi və ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O, psixologiyanın müasir çağırışlara cavab verən aparıcı sahələrdən biri olduğunu vurğulayıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov diqqətə çatdırıb ki, regionda belə genişmiqyaslı elmi tədbirin keçirilməsi psixologiya elminin inkişafı, elmi ictimaiyyətin bir araya gətirilməsi və aktual problemlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edir.
“Narınc Psixologiya Mərkəzi” MMC-nin təsisçisi, kliniki psixoloq Narınc Rüstəmova psixologiya elminin müasir cəmiyyət üçün artan əhəmiyyətindən bəhs edib. O, multidisiplinar yanaşmanın müxtəlif sahələr üzrə mütəxəssislərin bir araya gəlməsinə imkan yaratdığını və bunun real problemlərin daha effektiv həllinə töhfə verdiyini vurğulayıb.
Daha sonra Türkiyənin Bahçeşehir Universitetinin prorektoru professor Tunç Bozbura və Özbəkistanın Səmərqənd Dövlət Universitetinin prorektoru Akmal Akhatovun videotəbrikləri nümayiş olunub.
Tədbir panel müzakirələri, bölmə iclasları və praktiki sessiyalarla davam edəcək. Aprelin 25-də başa çatacaq konfrans psixologiya sahəsində multidisiplinar elmi yanaşmaların təşviqi, elmi nəticələrin paylaşılması və akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.
Müxbir – Vüsalə Cənnətova












Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.