AZ

Sokurov Moskva Film Festivalında mükafatsız qaldı: "Fikirlərini dəyişdilər"

Rejissor Aleksandr Sokurov Moskva Beynəlxalq Film Festivalının xüsusi mükafatının ona niyə təqdim edilməməsinin səbəbini açıqlaya bilməyib.

Kulis.az xəbər verir ki, "Podyom" nəşrinin məlumatına görə, kinorejissor əvvəlcə festivalın prezidenti Nikita Mixalkovdan "Dünya kinosuna töhfəyə görə" mükafatını almaq üçün tədbirə gəlmək barədə dəvət almışdı, lakin festivalın bağlanış mərasimində nə Sokurov, nə də Mixalkov iştirak edib.

Məsələyə münasibət bildirən rejissor yaranmış vəziyyəti festival təşkilatçılarının daxili problemləri ilə əlaqələndirib:

"Əvvəlcə qərar verdilər, sonra isə fikirlərini dəyişdilər. Əslində, bu, bizim üçün çox adi haldır. Sözün düzü, bu vəziyyət məni o qədər də narahat etmir. Bunlar hamısı boş şeylərdir. Biz mükafatlar üçün işləmirik, kino çəkirik, çünki kino çəkməliyik".

Sokurov həmçinin qeyd edib ki, dəvətdən sonra Mixalkov onunla əlaqə saxlamayıb. Rejissor özü isə "Rejissorun qeyd dəftəri" filminin nümayişi üçün paytaxtda olub, bundan sonra isə Moskvanı tərk edib.

Qeyd edək ki, 47-ci Moskva Beynəlxalq Film Festivalının qaliblərinin təntənəli mükafatlandırma mərasimi aprelin 24-də "Rusiya" Teatrında baş tutub. Qalib Fazil Razakın "Ehtiras" filmi olub. Aprelin 17-də açılışı olan festival 1935-ci ildə Sergey Eyzenşteynin rəhbərliyi altında başlanan ənənəni davam etdirib. 1999-cu ildən festivalın prezidenti Nikita Mixalkovdur.

Xatırladaq ki, bu il yanvarın 31-də Rusiyanın Baş naziri Mixail Mişustin öz sərəncamı ilə Aleksandr Sokurovu Yerli Kinematoqrafiyanın İnkişafı üzrə Şuranın tərkibindən xaric etmişdi.

Seçilən
79
1
kulis.az

2Mənbələr