AZ

Latviya-Azərbaycan əməkdaşlığı Baltikyanı-Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrinə də töhfə verir - Ekspert rəyi

Bakı, 24 aprel, AZƏRTAC

Latviya Avropa İttifaqının (Aİ) üzvü kimi Azərbaycanın Avropa bazarlarına inteqrasiyasında, xüsusilə enerji və nəqliyyat sahələrinin əlaqələndirilməsində mühüm rol oynayır. Azərbaycan isə Latviya üçün Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş, enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Bu baxımdan iki dövlət arasında münasibətlərinin dərinləşdirilməsi hər iki tərəf üçün ciddi əhəmiyyət kəsb edir. Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfərə gəlməsi, aprelin 22-də Bakıda Prezident İlham Əliyevlə görüşlər keçirməsi ölkələrimiz arasında siyasi, iqtisadi və strateji sahələrdə inteqrasiyanı daha da genişlənidirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, mövcud geosiyasi şərtlər çərçivəsində yanaşsaq, Azərbaycan ilə Latviya arasında əməkdaşlığın genişləndirilməsi həm də regional əhəmiyyət kəsb edərək, Baltikyanı regionun Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələnməsinə şərait yaradır. Azərbaycanın strateji-coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynaması Latviya və ümumilikdə Baltikyanı ölkələr üçün də xüsusi maraq doğurur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Latviya limanlarının bu marşrutla inteqrasiyası üçün yeni perspektivlər açır. Təsadüfi deyil ki, iki ölkə arasında liman infrastrukturu, dəmir yolu əlaqələri və multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə mövzusuna çevrilir. Paralel olaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Latviyanın da enerji şaxələndirilməsi planlarına uyğun gəlir. Bu kontekstdə Xəzər regionunun bərpaolunan enerji potensialı və “yaşıl enerji dəhlizi” təşəbbüsləri Baltikyanı regionda xüsusi diqqət çəkir.

“Latviya və Azərbaycanın əməkdaşlıq potensialı təkcə nəqliyyat-logistika və enerji layihələri ilə məhdudlaşmır. İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün daha geniş potensial mövcuddur. İnformasiya texnologiyaları, kənd təsərrüfatı, turizm sahələrində də müştərək layihələrin hazırlanması mümkündür. Bu baxımdan Bakı görüşləri gələcək əməkdaşlıq üçün həm də yol xəritəsinin formalaşdırılması istiqamətində ciddi addım hesab oluna bilər. İki ölkənin prezidentləri səviyyəsində keçirilən görüşlər qarşılıqlı etimadı gücləndirir və səmərəli layihələrin gerçəkləşdirilməsi üçün zəmin yaradır”, - deyə M.Ələsgərli vurğulayıb.

Seçilən
64
50
azertag.az

10Mənbələr