Meta Platforms artan süni intellekt (AI) yatırımlarını maliyyələşdirmək məqsədilə işçi heyətində ciddi ixtisarlara gedir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şirkətin təxminən 8 min əməkdaşı işdən çıxaracağı və eyni zamanda minlərlə açıq vakansiyanı ləğv edəcəyi bildirilir.
Məlumata görə, bu qərar texnologiya sektorunda son dövrlərdə sürətlənən xərclərin optimallaşdırılması siyasətinin bir hissəsidir. Meta rəhbərliyi xüsusilə süni intellekt sahəsində rəqabət qabiliyyətini artırmaq üçün daha böyük maliyyə resursları ayırmağa çalışır.
Ekspertlər qeyd edirlər ki, şirkətin AI texnologiyalarına yönəlmiş bu genişmiqyaslı strategiyası yalnız texnoloji inkişafı deyil, həm də korporativ idarəetmə və məşğulluq siyasətində köklü dəyişiklikləri şərtləndirir.
Qeyd edək ki, Meta son illərdə süni intellekt, virtual reallıq və rəqəmsal platformaların inkişafına milyardlarla dollar sərmayə yatırıb. Yeni ixtisar dalğasının da bu uzunmüddətli strateji planların tərkib hissəsi olduğu vurğulanır.