AZ

“Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL

Hesabat turu cari mövsümdə ilk dəfə bütün komandaların qol vurması ilə əlamətdar oldu. Cümə günü keçirilən açılış oyununda “Köln” “Sankt Pauli” səfərində son anlarda 1 xal qazanmağa müvəffəq oldu. “Keçilər”in rəqib meydanlarında qələbəsiz seriyası 11 oyuna yüksəldi (5 heç-heçə, 6 məğlubiyyət).

“Bayer-04”ü nəinki bundesliqada, hətta “böyük beşlik”də də mövsümün ən qeyri-sabit komandalarından biri adlandırmaq olar. Ötən tur Dortmunddan qələbə ilə dönən Leverkuzen təmsilçisi bu dəfə evdə “Auqsburq”a uduzmağa “özündə güc tapdı”. “Aspirinlər” sona 4 tur qalmış “ÇL zonası”ndan 4 xal geridədilər. “Böyük beşlik” tarixinin ilk qadın baş məşqçisi – Mari-Luize Etanın debütü uğursuz alındı. “Union” həm qapıya (25:5), həm də “çərçivə”yə (7:4) zərbələrdə üstün olmasına baxmayaraq, evdə “Volfsburq”a uduzdu. 13 oyunluq qələbəsiz seriyaya son qoyan və pley-off zonası ilə xal fərqini 2-yə endirən “canavarlar” dərindən nəfəs aldılar.

Mövsümün sonlarına yaxın yaxşı sürət yığan “Leyptsiq”in budəfəki qurbanı Frankfurt “Ayntraxt”ı oldu. Son 7 turda 6-cı qələbəni bayram edən “öküzlər” artıq 3-cü pilləyə yüksəlib. “Verder” şimal derbisində “Hamburq”dan üstün olmaqla 2 oyunluq məğlubiyyət seriyasına son qoydu. Şənbə gününün mərkəzi oyunu Zinshaymda keçirildi. Əslində Dortmund “Borussiya”sı son 4 turda qələbəsi olmayan və böhran yaşayan “Hoffenhaym”a qarşı səfər matçında aşkar olmasa da, favorit sayılırdı. Amma oyun göstərdi ki, “arılar” özləri də böhrandadı. Kramariçin ilk yarının sonlarında penaltidən vurduğu qola qonaqların heyətində 2-ci hissədə meydana çıxan Girassi cavab verdi. Amma son sözü yenə də Kramariç söylədi. Təcrübəli xorvatiyalı forvard əsas vaxta əlavə olunan 8-ci dəqiqədə daha bir penaltini dəqiq yerinə yetirməklə qəhrəmana çevrildi.

“Arılar” ardıcıl 2-ci turda xala həsrət qalmaqla “Bavariya”nın çempionluq yolunu bir qədər də hamarlaşdırdılar. Bazar günü bütün diqqətlər “Alyants Arena”ya yönəldi. “Ştutqart”la ev oyununda çempionluğu rəsmiləşdirmək üçün münhenlilərə 1 xal qazanmaq bəs edirdi. Şvabiyalılar hissənin ortalarında hesabı açmaqlarına peşman oldular. Çünki “Bavariya” hələ fasiləyə qədər rəqibi üç dəfə mərkəzə dəvət etdi. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləndi. “Rekordmayster” bu mövsüm hesabda geridə olduğu oyunlarda topladığı xalları 25-ə çatdırdı. Bu, “böyük beşlik”də mövsümün ən yaxşı göstəricisi olsa da, bundesliqanın rekordu deyil. Turnirin rekordunu 1999/00-da “Bayer-04” (29 xal) müəyyənləşdirib. Beləliklə, “Bavariya” sona 4 tur qalmış ardıcıl 2-ci, son 14 ildə 13-cü və tarixinin 35-ci çempionluğunu qazandı! Almaniyaya gələnə qədər titulu olmayan Keyn artıq peşəkar karyerasının 3-cü titulunu əldə etdi. Onun bu mövsüm trebl qazanmaq şansı da var.

30-cu tur
Bavariya – Ştutqart 4:2

Gerreyro, 31. Cekson, 33. Devis, 37. Keyn, 52 – Fürix, 21. Andres, 88. (75000)
Bavariya: Urbiq, Stanişiç (Dəniz Ofli, 85), Kim Min Ce, İto, Devis (Laymer, 62), Kimmix, Qoretska, Gerreyro (Ndiaye, 76), Musiala (Keyn, 46), Dias (Olise, 46), Cekson.
Ştutqart: Nübel, Vaqnoman, Yeltş (Jak, 46), Şabo, Hendriks, A.Karazor, Ştiller (Andres, 65), Əl-Xannus, Fürix (Mittelştadt, 65), Levelinq, (Demiroviç, 76), Tomas (Buanani, 85).

Hoffenhaym – Borussiya D 2:1
Kramariç, 42-p.; 90+8-p. – Girassi, 87 (30150)
Borussiya: Kobel, Ryuyerson, Zyule (Bensebayni, 42), Anton, Şlotterbek, Svensson (Brandt, 71), Bellingem, Zabitser (İnasio, 71), Çukvuemeka, Bayer, F.Silva (Girassi, 60).

Bayer-04 – Auqsburq 1:2
Şik, 12 – Rider, 15; 90+7-p. (29282)
Bayer-04: Flekken, Vaskes (Kalbret, 65), Kuansa (Kofane, 72), Bade, Tapsoba, Qrimaldo, Palasios (Tillman, 81), A.Qarsiya, Maza, Tella (Hofmann, 81), Şik.

Ayntraxt F – Leyptsiq 1:3
Larsson, 34 – Diomande, 27. Nusa, 70. Harder, 81. (58500)
Leyptsiq: Vandervoordt, Baku, Klostermann (Henrixs, 90+4), Bitşiabu, Finkqrafe (Raum, 79), Baumqartner, Zayvald, Uedraoqo (Qruda, 59), Diomande, Nusa (Bakayoko, 90+3), Romulo (Harder, 79).

Frayburq – Haydenhaym 2:1
Manzambi, 24. Eqqeştayn, 83 – Zivzivadze, 58 (34000)

Borussiya M – Maynts-05 1:1
Skalli, 7 – Əmiri, 90+8-p. (50245)

Verder – Hamburq 3:1
Staqe, 37; 57. Puertas, 90+1 – Qlatsel, 41. (40000)

Union – Volfsburq 1:2
Berk, 85 – Vimmer, 11. Peyçinoviç, 46. (22012)

Sankt Pauli – Köln 1:1
Mets, 69 – Valdşmidt, 86-p. (29546)

1. Bavariya 30 25 4 1 109-29 79
2. Borussiya D 30 19 7 4 61-31 64
3. Leyptsiq 30 18 5 7 59-37 59
4. Ştutqart 30 17 5 8 62-42 56
5. Hoffenhaym 30 16 6 8 59-44 54
6. Bayer-04 30 15 7 8 60-41 52
7. Frayburq 30 12 7 11 44-48 43
8. Ayntraxt F 30 11 9 10 55-57 42
9. Auqsburq 30 10 6 14 38-54 36
10. Maynts-05 30 8 10 12 36-45 34
11. Union 30 8 8 14 34-52 32
12. Köln 30 7 10 13 44-51 31
13. Borussiya M 30 7 10 13 36-50 31
14. Hamburq 30 7 10 13 33-48 31
15. Verder 30 8 7 15 35-53 31
16. Sankt Pauli 30 6 8 16 26-51 26
17. Volfsburq 30 6 6 18 41-66 24
18. Haydenhaym 30 4 7 19 33-66 19

Bombardirlər: Keyn (Bavariya) – 32, Dəniz Undav (Ştutqart) – 18, Dias (Bavariya) – 15, Girassi (Borussiya D) – 14.

Növbəti turun oyunları aprelin 24-26-sı aralığında keçiriləcək:
Maynts-05 – Bavariya, Auqsburq – Ayntraxt F, Köln – Bayer-04, Volfsburq – Borussiya M, Borussiya D – Frayburq, Hamburq – Hoffеnhaym, Haydenhaym – Sankt Pauli, Ştutqart – Verder, Leytsiq – Union.

Turun rəqəmi
161 – bu mövsüm “Bavariya” sanki qollarla nəfəs alır. Deyəsən, komanda qarşısına məhsuldarlıqla bağlı bütün rekordları yeniləmək hədəfi qoyub. Ötən tur 105 qol həddinə çataraq bundesliqanın 54 illik rekordunu yeniləyən Münhen nəhəngi bu dəfə şəxsi rekordunu yenilədi. Belə ki, komanda bu mövsüm bütün turnirləri nəzərə almaqla 161 qol həddinə çatdı! “Bavariya” bu qollardan 109-nu bundesliqa, 38-ni ÇL, 12-ni ölkə kuboku və 2-ni ölkə superkubokunda vurub. “Rekordmayster”in bu göstəricidə əvvəlki rekordu (159 qol) 2019/20-də qeydə alınmışdı.

Turun ulduzu
Yens Staqe (Verder) – danimarkalı yarımmüdafiəçi bu tur dubl edən 3 futbolçudan biridi. Hər iki qolu oyun epizodundan vurduğuna görə üstünlüyü ona veririk. Üstəlik Staqe elə-belə matçda yox, Almaniyada zəngin tarixə malik olan şimal derbisində dubl etdi. Yeri gəlmişkən, o, ilk dövrədəki matçda (2:3) da “Hamburq”un qapısına yol tapmışdı. Staqe “Verder” tarixində bir mövsümdə “Hamburq”la derbidə 3 qol vuran 2-ci futbolçu oldu. Daha öncə bunu 1963/64-də Arnold Şüts bacarmışdı.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Çox gözəl hisslər yaşayıram. Hər titul qazananda sanki ilk dəfə qazanıbmış kimi sevinirəm. Belə anlardan zövq almağı bacarmaq lazımdı. Çünki bu uğurun arxasında tək bu mövsüm yox, uzun illər çəkilən ağır zəhmət dayanır. Ona görə də indi hər birimiz zövq almalıyıq. Mövsüm hələ bitməyib. Qazana biləcəyimiz başqa titullar da var. Yəqin ki, PSJ ilə duel bu mövsümdəki ən çətin sınağımız olacaq. Amma ondan öncə kubokda “Bayer-04”lə də vacib oyunumuz var”.
Seçilən
79
28
football-plus.az

10Mənbələr