Şimali Atlantik okeanında yerləşən Sargasso dənizi son 40 ildə ən ciddi ekoloji dəyişikliklərlə üz-üzə qalıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu unikal su hövzəsində dəyişikliklər açıq okeanla müqayisədə daha sürətli baş verir.
1983-cü ildən bəri aparılan müşahidələr göstərir ki, dənizin səth temperaturu təxminən 1°C artıb, turşuluq səviyyəsi isə 30%-dən çox yüksəlib. Eyni zamanda oksigen səviyyəsinin 6% azalması bölgədəki dəniz canlıları üçün ciddi təhlükə yaradır. Bu ərazi həm Avropa və Amerika ilanbalıqlarının çoxalma məkanı, həm də qozbel balinaların əsas miqrasiya yoludur.
Təxminən 5,2 milyon kvadrat kilometr sahəni əhatə edən Sarqasso dənizi səthində üzən sargassum yosunları ilə tanınır. Bu yosunlar dəniz tısbağaları və müxtəlif nadir növlər üçün sığınacaq rolunu oynayır.
Lakin suyun istiləşməsi və plastik tullantıların artması bu həssas ekosistemi zəiflədir. Biomüxtəlifliyin azalması artıq müşahidə olunan əsas problemlərdən biridir.
40 illik məlumatlar təhlükəni təsdiqləyir
Uzunmüddətli elmi məlumatlar göstərir ki, əvvəllər nadir sayılan ekstremal şərait indi normaya çevrilir. İstiləşmə nəticəsində su qatları arasında qarışma azalır, bu isə oksigenin dərinliklərdə azalmasına və qida maddələrinin səthə çıxmamasına səbəb olur.
Bu proseslər suyun kimyəvi balansını pozur və dəniz canlılarının çoxalma dövrlərinə mənfi təsir edir.
Sarqasso dənizinin heç bir ölkənin yurisdiksiyasına daxil olmaması beynəlxalq qoruma tədbirlərini çətinləşdirir. Buna baxmayaraq, beynəlxalq təşəbbüslər çərçivəsində gəmi marşrutlarının dəyişdirilməsi və balıq ovunun məhdudlaşdırılması kimi addımlar müzakirə olunur.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu bölgədə baş verən dəyişikliklər qlobal okean sistemləri üçün erkən siqnal hesab oluna bilər.
Piranə Xasiyeva