AZ

Məktəb direktoru təyinatı adı altında dələduzluq: mərhum vəkilin də adı hallandırılır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vaxtilə Vəkillər Kollegiyasının üzvü Tağı Hüseynovun yanında köməkçi kimi fəaliyyət göstərmiş Cuna adlı qadın etiraf edir ki, onun dünyasını dəyişməsini nəzərə alaraq, aldığı pulları ona verməsi barədə yalan danışıb.

Bizimyol.info xəbər verir ki, sözügedən qadın dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. O, Bakıdan Şamaxıya gedərkən Səid adlı taksi sürücüsünə özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib. Yol boyu telefon danışıqlarından sürücü də onun həqiqətən nazirlikdə işlədiyinə inanıb.

Sürücü ona deyib ki, Şamaxıda müəllim işləyən həyat yoldaşı Gülşən də rayondakı məktəblərdən birinə direktor təyin olunmaq istəyir. Ondan soruşub ki, həyat yoldaşının direktor təyin olunması məsələsinə kömək edə bilərmi? Cuna isə cavabında bildirib ki, kifayət qədər tanışları var və bu məsələni həll edə bilərlər.

İki gün sonra sürücünün həyat yoldaşına zəng gəlib. Zəng edən Cuna özü olsa da, danışıq zamanı özünü Elnarə kimi təqdim edib. Direktor təyinatı üçün 35000 manat pul lazım olduğunu deyib, danışıqlardan sonra 30000 manata razılaşıblar. İlkin sənədlərin hazırlanması üçün 200 manat istəyib. Bu pul kart vasitəsilə göndərilib.

Daha sonra Bakıda metronun “28 May” stansiyasının yaxınlığında kafelərdən birində görüşüblər. Həmin görüşdə Gülşən nağd şəkildə 10000 manat pulu Cunaya gətirib verib. Bir müddət sonra 5000, 4500, 2500, 4000 və s. məbləğlərdə olmaqla, bir neçə dəfə Cunaya kart vasitəsilə pul göndərilib. Beləliklə, ona ümumilikdə 30 min 200 manat pul verilib.

Zərərçəkmiş tərəfin dediyinə görə, Cuna əvvəl söz verib ki, Gülşən Şamaxıdakı 3 nömrəli tam orta məktəbə direktor təyin olunacaq. Hətta deyib ki, sentyabrdan artıq işə çıxacaq. Vaxt gəlib çatanda isə məlum olub ki, həmin məktəbə başqası direktor təyin olunub:

“Sentyabrda 3 saylı orta məktəbə başqası direktor təyin olunanda aldadıldığımızı anladıq, Cuna ilə əlaqə saxladıq. Cuna dedi ki, onu bu vəzifəyə müvəqqəti təyin ediblər, siz narahat olmayın və s. Lakin biz gördük ki, Cuna iş məsələsini həll etmir. Ondan pulu geri tələb etməyə başladıq. Müxtəlif bəhanələr gətirirdi”.

Cuna Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub. O, məhkəmə qarşısında özünü təqsirli bildiyini deyib.

İstintaqdakı ifadəsində bildirib ki, köməkçisi olduğu Tağı Hüseynova bir nəfər tanışının Şamaxı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə düzəlmək istədiyini deyib, bu işdə ona kömək edə bilib-bilməyəcəyini soruşub. Tağı Hüseynov da ona həmin şəxsin imtahan verməsini, qalan məsələlərdə köməklik edə biləcəyini deyib. Onun sözlərinə görə, aldığı pulları da Tağı Hüseynova verib. Həmin pullardan ona çox cüzi məbləğ çatıb.

Məhkəmədə isə bildirib ki, Tağı Hüseynov haqqında istintaqda dedikləri yalandır. Həmin pullardan Tağı Hüseynova heç bir məbləğ verməyib. Tağı Hüseynov rəhmətə getdiyi üçün ifadəsində pulları ona verdiyini bildirmişdi.

Zərərçəkmiş şəxslər də bildiriblər ki, Cuna onlara Tağı Hüseynov haqqında heç nə deməmişdi.

Məhkəmənin hökmü ilə 57 yaşlı Cunaya 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddətdə o, Bakı ərazisini, gecə saat 22:00-dan səhər saat 06:00-a qədər isə yaşadığı evi tərk edə bilməz. Həmçinin 2 il 6 ay ərzində üzərində elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməlidir. Məhkəmə qərarı olmadan yaşayış yerini də dəyişə bilməz.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
icma.az

1Mənbələr