ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda qəribə bir qayda var. Əslində buna "qaydasızlıq" da demək olar. Bir nazirlikdə və ya dövlət komitəsində, dövlət agentliyində və sair birinci şəxs dəyişir.
Bəli, yeni nazir, sədr, rəis gəlir, yuxarıdan aşağıya qədər bütün və ya əksər funksional vəzifələrdə işləyənləri dəyişməyə, yenilərini təyin etməyə başlayır. Bəzən buna vaxt da çatdıra bilmir. Elə kadrları dəyişib qurtarana qədər özünü yola salırlar gedir. Ya başqa vəzifəyə, ya istefaya/pensiyaya, ya da həbsxanaya.
Kadrları ucdantutma dəyişmək xəstəliyi, bilmirəm, Sovet dövründən qalıb, ya özümüzdə "siyasi-inzibati genetika" olayıdır. Adını da qoyurlar "komanda yığmaq"
Komanda yığmaq belə olmur, əzizim, iki gözüm. Komanda əvvəla, görüləcək işlərə uyğun yığılır. Bəlkə görmək istədiyin işlərə köhnə komandadan faydalı olanlar olacaq... Əvvəlcə hələ bilək, görək, sən nə iş görəsəksən, sonra kəs, doğra da. Yoxsa region,dost-tanış, qohum-əqrəba, şəxsi sədaqət prinsipi (prinsipsizliyi!) ilə adam yığsan, nə olacaq?! Bu, komanda deyil, klan olacaq.
İkincisi, siyasi komanda siyasi vəzifələrdə işləyənlərdən formalaşır. Onlar dəyişə bilir. Bürokratiya isə yerində qalır (əlbəttə, əgər peşkar və təmiz işləyirlərsə). Amerikada, Avropa ölkələrində, eləcə də, Yaponiyada nazirlər, hallarda nazir müavinləri, müşavirlər - kabinet üzvləri seçkilərn nəticələrinə görə dəyişir. Ancaq orta və aşağı vəzifəli şəxslər - bürokratik aparat yerində qalır. Bu, sistemin davamlı və effektiv işləməsini təmin edir.
Azərbaycanda isə yeni gələn hətta süpürgəçini də... dəyişmək istəyir.
Hələ kabinetində sələfindən qalan mebelləri dəyişən siyasi vasvasəlar demirəm...
Seyid Əhmədli, bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.