AZ

Erkən yaşda bu mühitə nəzarətsiz daxilolma bir sıra riskləri də özü ilə gətirir Sosioloqdan XƏBƏRDARLIQ

"Sosial şəbəkələrdən intensiv istifadə uşaqlarda özünə inamın azalması, diqqət dağınıqlığı, aqressiv davranışlar və hətta asılılıq yaradır".

Bunu Day.Az-a açıqlamasında "Yeni Həyat Humanitar və Sosial Dayaq" İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova deyib. 

O, azyaşlıların sosial şəbəkə istifadəsi ilə bağlı nəzarətin gücləndirilməsinin effektivliyindən danışıb. 

Sosioloq bildirib ki, son dövrlərdə Türkiyə gündəmində 15 yaşdan aşağı uşaqların sosial şəbəkə istifadəsinə qadağa qoyulması ilə bağlı müzakirələr geniş rezonans doğurub.

"Bu təşəbbüs təkcə bir ölkənin daxili siyasəti kimi deyil, həm də qlobal miqyasda uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı artan narahatlıqların göstəricisi kimi qiymətləndirilir. Bəs bu yanaşma Azərbaycan üçün nə dərəcədə realdır və tətbiq olunarsa, cəmiyyətə hansı təsirləri göstərə bilər?

Problemin aktuallığını nəzərə alsaq, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların həyat tərzini köklü şəkildə dəyişib. Sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də informasiya, əyləncə və özünüifadə platformasına çevrilib. Lakin erkən yaşda bu mühitə nəzarətsiz daxilolma bir sıra riskləri də özü ilə gətirir. Sosial şəbəkələrdən intensiv istifadə uşaqlarda özünə inamın azalması, diqqət dağınıqlığı, aqressiv davranışlar və hətta asılılıq yaradır", - deyə o bildirib. 

N.İsmayılova qeyd edib ki, Azərbaycanda belə bir qadağanın tətbiqi nəzəri baxımdan mümkün olsa da praktikada bir sıra çətinliklərlə müşayiət oluna bilər:

"İlk növbədə, bunun üçün müvafiq hüquqi baza formalaşdırılmalı, uşaqların rəqəmsal hüquqları ilə bağlı aydın və balanslı qanunvericilik hazırlanmalıdır. Eyni zamanda yaşın real şəkildə yoxlanılmasına imkan verən texnoloji sistemlərin qurulması vacibdir. Digər mühüm məsələ isə ictimai qəbul faktorudur. Valideynlər, müəllimlər və ümumilikdə cəmiyyət bu kimi məhdudiyyətləri dəstəkləmədiyi halda, onların effektivliyi sual altında qala bilər.

Belə bir qadağa və ya məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların psixoloji sağlamlığının qorunmasına xidmət edə bilər. Erkən yaşda sosial şəbəkə təsirindən uzaq qalmaq onların daha sağlam emosional inkişafına şərait yaradacaq. Bununla yanaşı, uşaqların diqqətinin təhsilə, kitaba və real sosial münasibətlərə yönəlməsi ehtimalı artar. Bu isə daha savadlı və sosial cəhətdən balanslı nəslin formalaşmasına töhfə verə biləcək. Həmçinin uşaqların onlayn zorakılıq və zərərli kontentə çıxış halları əhəmiyyətli dərəcədə azalacaq", - o deyib.

Həmçinin sosioloq vurğulayıb ki, tam qadağa hər zaman arzu olunan nəticəni verməyə bilər.

"Təcrübə göstərir ki, sərt məhdudiyyətlər uşaqları alternativ və nəzarətsiz yollar axtarmağa sövq edir. Bu halda saxta hesabların yaradılması və ya müxtəlif texniki vasitələrlə qadağanın aşılması ehtimalı yüksəkdir. Əlbəttə, rəqəmsal savadlılıq müasir dövrün əsas bacarıqlarından biridir. Sosial şəbəkələrdən tam uzaqlaşdırılan uşaqlar gələcəkdə bu sahədə geri qala bilərlər. 

Tam qadağa əvəzinə şəxsiyyət təsdiqi ilə giriş sistemi daha balanslı həll yolu ola bilər. Bu model istifadəçilərin yaşını dəqiq müəyyən etməyə, saxta hesabların qarşısını almağa və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmağa imkan verir. Lakin bu yanaşma da müəyyən risklər daşıyır. Şəxsi məlumatların qorunması, məxfilik məsələləri və texniki infrastrukturun qurulması kimi problemlər diqqətlə həll edilməlidir. Ən optimal yanaşma sərt qadağalardan daha çox, tənzimlənmiş və balanslı nəzarət mexanizmlərinin tətbiqidir. Valideyn nəzarəti, yaşa uyğun kontent filtrasiyası, rəqəmsal savadlılıq təhsili və platformaların məsuliyyətinin artırılması bu istiqamətdə daha effektiv nəticələr verə bilər", - o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
71
50
day.az

10Mənbələr