AZ

SOCAR-ın Qara dəniz regionunda yerləşən terminalının tutumu artırılır

Bakı, 24 aprel, AZƏRTAC

SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalının infrastrukturunun genişləndirilməsi və əməliyyat imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın Qara Dəniz terminalının baş direktoru İsmayıl Kərimov "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nun “Logistika infrastrukturu: Xəzər-Mərkəzi Asiya Dəhlizində potensial, həddindən artıq yüklənmə və marşrutların dəyişdirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.

Bildirilib ki, hazırda terminalda üç əsas infrastruktur sahəsi fəaliyyət göstərir.

“Onlardan birində yenidənqurma və tikinti işləri davam edir və obyektin ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. Terminalın mövcud saxlama gücü 407 min kubmetr təşkil edir. Terminal daxilində isə ümumi uzunluğu 12 kilometr olan, beş xətt üzrə fəaliyyət göstərən dəmir yolu infrastrukturu mövcuddur ki, bu da müxtəlif tipli yüklərin daşınmasını təmin edir. Ötən ilin sonunadək gecə naviqasiyasının tətbiqi ilə bağlı tələblərin yerinə yetirilməsi üçün yerli dəniz nəqliyyatı qurumları ilə əməkdaşlıq çərçivəsində zəruri tədbirlər görülüb. Nəticədə limanda əvvəl yalnız gündüz saatlarında mümkün olan yükləmə-boşaltma əməliyyatları artıq gecə saatlarında da həyata keçirilir. Bu isə konteyner daşımalarının həcmini təxminən iki dəfə artırmağa imkan verib. Eyni zamanda, terminalda işıqlandırma sisteminin tam yenilənməsi üzrə genişmiqyaslı layihəyə start verilib. Layihə çərçivəsində ilkin olaraq əsas sahələrdə işlər tamamlanıb, hazırda isə digər ərazilərdə modernizasiya davam etdirilir. Görülən tədbirlər texniki əməliyyatların səmərəliliyini artırıb və bəzi gəmilər üzrə ümumi tutumun 213 faizə qədər yüksəlməsinə şərait yaradıb”,- deyə o qeyd edib.

Baş direktor əlavə edib ki, hər birinin tutumu 20 min kubmetr olan dörd yeni çənin tikintisi üzrə layihəyə start verilib: “Ümumi tutumu 80 min kubmetr təşkil edəcək layihənin dəyəri təxminən 25 milyon dollardır və tamamilə dövlət investisiyası hesabına maliyyələşdirilir. Artıq mobilizasiya işlərinə başlanılıb və layihənin təxminən 14 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Əlavə 2-3 ay ehtimalı nəzərə alınmaqla, bir il yarım ərzində yeni tutumun istifadəyə verilməsi planlaşdırılır”.

İ.Kərimov diqqətə çatdırıb ki, həyata keçirilən bütün bu tədbirlər mövcud yüklərin ötürülməsinin optimallaşdırılmasına, yeni müştərilərin cəlb olunmasına və terminalın ümumi əməliyyat səmərəliliyinin artırılmasına xidmət edir.

Qeyd edək ki, Kulevi terminalı neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulub. Dəmir yolu və gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə yüklənir. Burada əməliyyatlara 2008-ci il mayın 16-da başlanılıb. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

Müxbir - Vüsalə Səfərova, Vüqar Qurbanoğlu
Tərcüməçi - Əyyub Ələsgərov
Fotoqraf - İlqar Cəfərov
Seçilən
34
azertag.az

1Mənbələr