AZ

® Göygöldə “Qəhrəmanlar bağı” aksiyası

“Qırmızı Ürəklər Fondu” 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Budəfəki ağacəkmə aksiyası “PAŞA Holdinq”in dəstəyi ilə Göygöl şəhərində həyata keçirilib. Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən aksiya üçün ayrılan xüsusi ərazidə şəhidlərin xatirəsinə 175 ədəd həmişəyaşıl ağac əkilib.

“Qəhrəmanlar bağı” aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin “Kapital Bank”ın “Göygöl” filialının və “Qırmızı Ürəklər Fondu”nun əməkdaşları iştirak ediblər. Aksiya Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Bununla da ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Əkilən ağaclara qulluq olunması, suvarılması və digər lazımi tədbirlər isə yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Seçilən
46
19
azertag.az

10Mənbələr