AZ

Agentlik sədri: Qida obyektlərinin düzgün yerləşdirilməsi sanitariya-gigiyena təhlükəsizliyinin təmin olunmasına təsir göstərir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan obyektlərin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi xidmətini də uğurla icra edir. Bu xidmət şəhərsalma fəaliyyətində mühüm və çoxşaxəli rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.

O bildirib ki, ilk növbədə, qida təyinatlı obyektlərin düzgün yerləşdirilməsi şəhər mühitində sanitariya-gigiyena təhlükəsizliyinin təmin olunmasına birbaşa təsir göstərir: "Agentliyin rəyləri layihələrin yalnız yerləşmə baxımından deyil, həm də daxili planlaşdırma və texnoloji həllər baxımından şəhərsalma prinsiplərinə uyğun qurulmasına təsir edir. Eyni zamanda, ictimai iaşə müəssisələrində aparılan sağlamlaşdırma işləri qida təhlükəsizliyinin təmin olunmasında və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Bu aspektdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun peşəkar texnoloji axının qurulması xidmətlərini vurğulamaq yerinə düşər. Bu xidmətlər çərçivəsində müəssisələrdə istehsal istiqamətinə uyğun texnoloji axın qurulur, çirkli və təmiz zonalar müəyyən edilir və zonalararası sanitar keçidlər, tullantıların idarəolunması sistemi tətbiq edilir. Ötən il ərzində bir sıra sahibkarlar, xüsusilə heyvan satışı bazarlarının yenidən qurulmasında, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təqdim etdiyi texnoloji axının qurulması xidmətlərindən yararlanıblar".

Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videooperator - Ceyhun Mustafayev
Seçilən
85
1
azertag.az

2Mənbələr