AZ

Gənc kimyaçıların beynəlxalq arenaya çıxışı üçün yeni “Yol xəritəsi” təqdim olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu gənc alim və mütəxəssislərinin elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr olunmuş tədbir keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Natiq Salahov elmi müəssisədə gənc kadrların inkişafı və onların müasir elmin tələblərinə uyğun yetişdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Sonra Natiq Salahov genişmiqyaslı strategiyanın təqdimatnı iclas iştirakçılarının diqqətinə çatdırıb. Layihənin bütün konseptual strukturunu və icra mexanizmini hazırlayan Natiq Salahov gənc tədqiqatçıların beynəlxalq arenaya çıxışını təmin edəcək yeni "Yol xəritəsi"ni iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri qeyd edib ki, proqram çərçivəsində institutda gənclərin elmi kommunikasiya bacarıqlarını artıracaq "Chemical English Speaking Club", həmçinin dünya elmindəki ən son yeniliklərin təhlil olunacağı "Nature Club" tezliklə fəaliyyətə başlayacaq. Natiq Salahov gənc alimlərin stimullaşdırılması üçün nəzərdə tutulan xüsusi mükafat sistemindən də bəhs edərək bildirib ki, təsis ediləcək "Innovation Award" mükafatı çərçivəsində ilin ən yaxşı elmi ideya və ixtira müəllifləri maddi mükafatla yanaşı, xarici ölkələrin aparıcı laboratoriyalarında tam maliyyələşdirilən təcrübə proqramlarında iştirak hüququ qazanacaqlar. Layihənin digər mühüm istiqaməti doktorantların elmi yaradıcılığının dəstəklənməsidir. Bu xüsusda doktorantların beynəlxalq qrant layihələrinə cəlb olunması, xarici elmi fondların (DAAD, ETH Zurich və s.) imkanlarından yararlanması üçün birbaşa mentorluq mexanizminin qurulduğu vurğulanıb.

Sonra “Tm Media Group”un əməkdaşı Mövlud Əhmədov “Süni intellekt dəstəkli virtual kimya laboratoriyası” adlı prezentasiya ilə çıxış edərək virtual kimya laboratoriyasının imkanlarından danışıb.

Daha sonra Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov gənclər üçün əlçatan olan yeni beynəlxalq konfranslar və elmi platformalar barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Görüş zamanı gənc alimlərlə qurulan açıq dialoq xüsusi diqqət çəkib. Gənclər elmi fəaliyyət prosesində qarşılaşdıqları çətinliklər barəsində danışıb, təkliflərini səsləndiriblər. Qaldırılan hər bir məsələ fərdi qaydada təhlil olunaraq, bəzilərinin həlli üçün konkret hüquqi və praktiki yollar göstərilib, bəzilərinin isə institut rəhbərliyin diqqətinə çatdırılacağı qeyd olunub.

Tədbir gənclərin elmi təşəbbüskarlığının artırılması və institutda sağlam elmi mühitin formalaşdırılması üçün vacib addım kimi qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

3Mənbələr