Cənab Rinkeviçsin sözlərindən anlaşıldı ki, bu məsələ strateji tərəfdaşımız olan dövlətin rəhbəri kimi onun da diqqətinə çatdırılıb. Həm də yəqin ona görə çatdırılıb ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əməkdaşlığa ən çox ehtiyac duyduğu, özəlliklə də enerji təhlükəsizliyinin təminində mühüm rol oynayan bir ölkədir. Bunu diqqətdən qaçırmaq, Fransa Parlamentinin "islamofobiya qanunidir" deyən üzvü Jülyen Odul kimi burnundan uzağı görməyənlərin məntiqindən çıxış edərək regonda bölücü xətlər çəkmək Avropa İttifaqının nə taktiki, nə də strateji baxımdan maraqlarına cavab verir.
Beləliklə, sözügedən qurumla viza rejimi məsələsində hazırda durum belədir: xatırlatdığım kimi, Gürcüstanla vizasız gediş-gəliş var, amma qonşu ölkədəki son parlament seçkisindən sonra diplomatik və xidməti pasport daşıyanları üçün artıq bu, keçərli deyil. Adətən diplomatik pasport daşıyanlardan viza tələb olunmadığı halda, Gürcüstana yanaşmada Brüsselin bəzi addımları, açığı, mənə ədalətli təsir başılamır. Həm də ona görə ki, həmin parlament seçkisinin gedişini yerində izləmiş və Avropa Birliyi təmsilçilərinin qonşu ölkənin daxili işlərinə necə kobudcasına qarışdıqları orada gözümün qarşısında baş verib.
Hazırda baş verən həbsləri, təzyiqləri, rəqib düşərgədən olanların mülklərinin əllərindən alınmasını və bu qəbildən digər faktları göz önünə gətirsək, Ermənistanda Gürcüstandakından daha demokratik seçki keçirməyə hazırlaşıldığını demək çətindir. Amma belə görünür ki, Brüssel üçün bu, "məqbul" sayılır və may ayında İrəvanda keçirilməsi gözlənilən Avropa İttifaqı-Ermənistan sammitində vizasız rejimlə bağlı nikbin açıqlama veriləcək. Ümumiyyətlə, seçkinin Brüsselin arzuladığı kimi bitəcəyi halda, Ermənistan vətəndaşlarının təqribən 2030-cu ildən Avropaya vizasız gedə biləcəkləri gözlənilir.
Azərbaycanla isə bu haqda danışıqlara ancaq yeni strateji tərəfdaşlıq sazişi qüvvəyə mindikdən və qarşılıqlı miqrasiya təhlükəsizliyi tələbləri yerinə yetirildikdən sonra başlanıla bilər. Xatırladım ki, elə ötən həftə Brüsseldə yeni sazişlə bağlı növbəti görüş keçirildi və belə görünür ki, daha bir neçə raunda ehtiyac olacaq. Hələlik isə Azərbaycan vətəndaşlarının Avropa İttifaqına üzv dövlətlərə gediş-gəlişi 2014-cü ildən qüvvədə olan "Viza rejiminin sadələşdirilməsi haqqında saziş" çərçivəsində tənzimlənir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31