AZ

Keçmiş arvadını bıçaqlayan şəxs: “Onunla barışmaq istədim, evdən çıxıb getməməsini tələb etdim”

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vaqif Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ona şərti cəza verilib.

 

Qeyd: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı keçmiş həyat yoldaşına qarşı qəsdən ağır xəsarətlər yetirməkdə təqsirləndirilir.

 

İstintaq materiallarına əsasən, hadisə 20 sentyabr 2025-ci il tarixdə, saat 11:30 radələrində Goranboy şəhərində yerləşən fərdi yaşayış evində baş verib.

 

Belə ki, Vaqif Quliyev həmin ünvanda faktiki olaraq ər-arvad münasibətlərində yaşadığı, lakin rəsmi olaraq ayrıldığı keçmiş həyat yoldaşı, zərərçəkmiş Fidan Məlikzadə (adı, soyadı şərtidir) ilə yenidən bir ailə kimi birlikdə yaşamaq və barışmaq istədiyini bildirib. Lakin zərərçəkmiş şəxs bu təkliflə razılaşmayaraq ona kobud cavab verib.

 

Bunun nəticəsində tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs üzərində saxladığı mətbəx bıçağından istifadə edərək qadına hücum edib və onun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirib.

 

Nəticədə Fidan Məlikzadəyə boyun, döş qəfəsinin arxa divarı və baldır nahiyələrində yaralarla müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib. Eyni zamanda qalça nahiyəsi və qarın boşluğuna nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş yara nəticəsində qalın bağırsağın, böyrəyin və qaraciyərin sağ payının zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarətləri də müəyyən edilib.

 

Beləliklə, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə həm yüngül, həm də həyat üçün təhlükəli ağır xəsarətlər yetirildiyi, bununla da qəsdən sağlamlığa ağır zərər vurulduğu müəyyən olunub.

 

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Vaqif Quliyev ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

 

O, ifadəsində göstərib ki, hadisə günü əvvəlcə təsərrüfat işi ilə əlaqədar sahəyə gedib, daha sonra isə evə qayıdıb və orada keçmiş həyat yoldaşı ilə onun qohumlarını görüb. Bildirib ki, Fidan evə şəxsi əşyalarını götürmək üçün gəldiyini deyib.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, o, keçmiş həyat yoldaşından ailəni dağıtmamağı, uşaqların gələcəyini nəzərə alaraq geri qayıtmasını xahiş edib. Lakin zərərçəkmiş şəxs bu təklifi qəbul etməyərək getməkdə israrlı olub. Hətta onun sözlərinə görə, Fidanın anası da telefon danışığı zamanı qızının geri qayıtmasına razı olmayıb.

 

O, daha sonra söyləyib ki, bu vəziyyət onu psixoloji cəhətdən gərgin vəziyyətə salıb. Evə daxil olarkən mətbəxdə olan bıçağı görüb və emosiyalarına nəzarət edə bilməyib. Bu zaman həmin bıçağı götürüb geri qayıdıb. Yenidən Fidandan getməməsini xahiş etsə də, mənfi cavab alıb. Sonra özünü idarə edə bilməyərək ona zərbələr endirib.

 

Vaqif Quliyev hadisədən dərhal sonra evdən çıxaraq çöldə olan şəxslərə zərərçəkmiş şəxsi yaraladığını bildirib və onun həyatını xilas etmək üçün təcili tibbi yardım çağırılmasını xahiş edib. Qısa müddət sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadası Fidanı xəstəxanaya aparıb, təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

O, məhkəmədə bildirib ki, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb və törətdiyi əməldən peşman olduğunu qeyd edib. Həmçinin ailə münasibətlərində yaranmış gərginlik, uşaqlarla bağlı narahatlıq və psixoloji təzyiq altında olduğunu vurğulayıb.

 

Kamal Məmmədov

 

Tarix: 24 Aprel 2026, 08:29   
Seçilən
95
pravda.az

1Mənbələr