AZ

“Sosial mediada görünənlər reallığı əks etdirmir”- Zülfiyyə Nuriyeva

Sosial şəbəkələrdə yayılan trendlərin gənclərə təsiri sadə görünsə də, əslində daha dərin psixoloji və sosial nəticələr doğuran prosesdir. Müasir dövrdə gənclər bu trendləri daha həssas qəbul edir və onları öz həyatlarına tətbiq etməyə çalışırlar ki, bu da davranış və düşüncə tərzində dəyişikliklərə səbəb olur.

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İB-nin İctimai Şura üzvü  Zülfiyyə Nuriyeva QHT.az- a açıqlamasında bildirib ki, “sosial mediadan görünən heç bir şey göründüyü reallığı əks etdirmir və gənclər bunu dərk etmədikdə yanlış davranış modellərini mənimsəyə bilirlər”. Onun sözlərinə görə, gənclər sosial şəbəkələrdə izlədikləri davranışları təqlid edərək bunu həyatlarında tətbiq etməyə başlayır və bu da müxtəlif arzuolunmaz halların yaranmasına səbəb olur.

Mütəxəssis hesab edir, gənclərin internetdən düzgün istifadə etməsi üçün ailə, məktəb və vətəndaş cəmiyyəti arasında koordinasiyalı fəaliyyət vacibdir. Bu prosesdə yalnız nəzarət deyil, həm də dəstək və maarifləndirmə əsas rol oynamalıdır.

Zülfiyyə Nuriyeva vurğulayıb ki, “gənclərlə işləmək üçün onları tənqid etmək yox, onların yanında olmaq, psixoloji gərginliklərinin səbəblərini araşdırmaq və sosial mediada nə izlədiklərinə diqqət yetirmək lazımdır”. Onun fikrincə, bu istiqamətdə paralel və düzgün qurulmuş münasibətlər gənclərin psixologiyasının qorunmasına kömək edə bilər.

Sonda qeyd olunub ki, gənclər həyat seçimlərində daha məsuliyyətli olmalı, qərarlarını ailə üzvləri ilə müzakirə etməli və mövcud imkanlardan səmərəli istifadə edərək gələcəklərini düzgün qurmağa çalışmalıdırlar.

Zəhra Ağayeva

Seçilən
73
qht.az

1Mənbələr