Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun 2025-ci il üzrə fəaliyyət hesabatı ictimai və ekspert çevrələrində ciddi müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, hesabatda ötən il ərzində ümumilikdə 6,7 milyard manat dövlət vəsaitinin auditdən keçirildiyi bildirilir. Sənəddə qeyd olunur ki, aparılan yoxlamalar nəticəsində 584 milyon manat uyğunsuzluq, 626 milyon manat maliyyə təhrifi və 342 milyon manat səmərəsiz xərclər aşkarlanıb.
Bütün bu faktlar dövlət vəsaitlərinin idarə olunmasında planlaşdırma, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir. Hesabatda xüsusilə tikinti sahəsində mövcud problemlərə diqqət çəkilib. Bildirilib ki, görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar qalmaqdadır. Bu isə müqavilə dəyərlərinin düzgün formalaşmamasına gətirib çıxarır.
Həmçinin qeyd olunur ki, layihələrin icrası zamanı işlərin ad və həcmlərində edilən dəyişikliklər ümumi məbləğə təsir göstərir və bu halların artması müşahidə edilir. İstismara hazır olan obyektlərin qəbulunda gecikmələr, eləcə də aktivlərin balans dəyərinin düzgün tanınmaması kimi məqamlar da hesabatda əksini tapıb.
Bu kontekstdə diqqət Qarabağ iqtisadi rayonunda aparılan tikinti-bərpa işlərinə və həmin layihələri icra edən şirkətlərə yönəlir ki, bu işdə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovun adı xüsusilə qeyd olunmalıdır.
Bu günlərdə mətbuatda Leysan Məmmədovun adı ilə bağlı bəzi iddialar yer aldı. Ümumi dəyəri 25 milyon manatdan çox olan üç böyük dövlət müqaviləsinin “Platin” MMC-yə verilməsi böyük rezonans doğurdu. Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi İsfəndiyar Məmmədov göstərilsə də, iddialara görə real idarəetmənin başqa şəxslərə əlaqələndirildiyi qeyd olunur. Yəni, bu milyonluq layihələrin arxasında duran əsas fiqur qurum rəhbərinin oğlu – Elnur Məmmədov hesab olunur.
Məhz Hesablama Palatasının hesabatı isə bu istiqamətdə mövcud risklərin və boşluqların daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu göstərir. Eyni zamanda Qarabağda həyata keçirilən layihələrə nəzarətin gücləndirilməsi və dövlət vəsaitlərinin istifadəsində şəffaflığın artırılması məsələsi yenidən gündəmə gətirilir./Bizimesr.az/