AZ

"Motivasiya gəldi-gedərdir, amma disiplin sizi hər gün çalışmağa məcbur edir" - 300 bal toplayan Bəxtiyar

Dövlət İmtahan Mərkəzi martın 15-də keçirilən 11 illik buraxılış imtahanının nəticələrini açıqlayıb. 9 nəfər abituriyent maksimal 300 bal toplayıb. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi Bəxtiyar Həsənli imtahanda 300 bal toplayaraq adını ölkə birinciləri sırasına yazdırıb.

Gələcəyin kiber-mütəxəssisi ilə uğura gedən yol haqqında müsahibəni təqdim edirik:

- Bəxtiyar, ilk növbədə səni təbrik edirik. Fizika, riyaziyyat və informatika təmayüllü lisey kimi nüfuzlu bir məktəbin yetirməsisən. Bu mühitin uğurunda rolu nə qədər oldu?

- Çox sağ olun. Əlbəttə, oxuduğum liseyin və müəllimlərimin bu nəticədə payı əvəzsizdir. Amma nəticəni ekranda gördüyüm o ilk saniyəni heç nə ilə müqayisə edə bilmərəm. Sevincimdən yerimdə dura bilmirdim. Uzun müddətdir ki, bu cür bir duyğu yaşamamışdım. Çünki çəkdiyim əziyyətin tam qarşılığını aldığımı öyrəndim. Bu, mənim üçün gözlənilməz bir sürpriz oldu və xoşbəxtliyimi qat-qat artırdı.

- Bir çox şagird imtahana hazırlıq zamanı motivasiya axtarır. Səni 300 bala aparan əsas qüvvə nə idi?

- Açığını desəm, mənim üçün ən böyük hərəkətverici qüvvə motivasiyadan daha çox disiplin idi. Motivasiya gəldi-gedərdir, amma disiplin sizi hər gün çalışmağa məcbur edir. Lakin içimdəki o böyük istək – 300 bal topladığımı görmək hissi – mənim üçün ən böyük hədəf idi. O rəqəmi xəyal etmək məni yolumdan dönməyə qoymadı.

- Liseydə informatika təmayüllü təhsil almağın gələcək seçimində rol oynadımı? Hansı ixtisasa yönəlmək istəyirsən?

- Mən gələcəkdə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək istəyirəm. Qarşımdakı 10 il ərzində özümü bu sahədə ən uğurlu mütəxəssislərdən biri kimi görməyi hədəfləmişəm.

- Adətən yüksək nəticə göstərən gənclər xaricdə təhsilə üstünlük verirlər. Sənin bu məsələyə baxışın necədir?

- Xaricdə və ya Azərbaycanda karyera qurmaq hər kəsin şəxsi seçimidir və buna hörmətlə yanaşıram. Çünki hər kəsin hədəfi fərqlidir. Mənim seçimin isə öz ölkəmdir; mən Azərbaycanda təhsil almaq və burda inkişaf etmək istəyirəm. Əsas odur ki, harada olursansa ol, işini sevərək və uğurla görəsən.

- Sənin kimi yüksək zirvəni hədəfləyən abituriyentlərə nə məsləhət görərdin?

- Onlara deyə bilərəm ki, ən vacib şərt qərarlı olmaq və heç vaxt yolundan dönməməkdir. Və bir də, bayaq qeyd etdiyim kimi – disiplin. Uğur təsadüf deyil, nizamlı çalışmanın nəticəsidir.

- Bəxtiyar, biz də səninlə qürur duyuruq və gələcək təhsilində uğurlar arzulayırıq!

Aminə ŞAHSUVARQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr