AZ

Müşavir: Əmək bazarında qadınların sayı artır

Bakı, 23 aprel, AZƏRTAC

Bərabər imkanların təmin olunması yalnız hüquq və ədalət məsələsi deyil, eyni zamanda, davamlı inkişafın əsas sütunlarından biridir. Əgər biz bərabər imkanları təmin etmək istəyiriksə, burada bir çox faktorların rol oynadığını bilməliyik. Bu da əmək bazarı, işçi, işəgötürən, cins, iqtisadi və digər faktorların nəzərə alınmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Nigar Vahabzadə "Qadın iştirakçılığının təbliği" nə həsr olunmuş konfrans çərçivəsində keçirilən " Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” adlı dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarını qoruyur: "Eyni zamanda, üzvlərimiz arasında gender bərabərliyinin qorunması vacib istiqamətlərdən biridir. Belə ki, 2025-2027-ci illər üçün konfederasiyanın yeni strategiyasını təsdiq etdik və strategiyada bir çox istiqamətlər var. Onlardan biri də məhz gender bərabərliyi, gənclərin üzvülüyə təşviq edilməsidir. Üzvlərimizin sayı 1 milyona yaxındır. Bu sayda qadınların payı 55,4 faiz təşkil edir. Yaş kateqoriyalarına görə təhlil etdikdə görürük ki, qadınların 75 faizi əmək bazarında aktiv yaş kateqoriyasına düşür. Bu, o deməkdir ki, əmək bazarında qadınların sayı artır”.

Müxbir - Günel Türksoy

 

Seçilən
32
1
azertag.az

2Mənbələr