AZ

Ekspert: Tarixin təhrifinə yönəlmiş iddialar faktlar qarşısında acizdir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Beynəlxalq ictimaiyyətin bir hissəsinin diqqəti zaman-zaman azad edilmiş ərazilərdə guya erməni irsinin dağıdılması ilə bağlı iddialara yönəldilsə də, mövcud faktlar, rəsmi hesabatlar, peyk görüntüləri və sahə müşahidələri tamamilə fərqli reallığı ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-dini irs planlı və sistemli şəkildə məhv edilib və bu proses ayrı-ayrı vandalizm aktlarından ibarət olmayaraq, dövlət səviyyəsində həyata keçirilən mədəni təmizləmə siyasətinin tərkib hissəsi olub.

Bunu AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert Nəzrin Əlizadə bildirib.

O, qeyd edib ki, bu siyasətin ən bariz nümunələrindən biri Şuşa şəhərində baş verən dağıntılardır. “Qafqazın konservatoriyası”, “Azərbaycan musiqisinin beşiyi” kimi tanınan Şuşada işğal dövründə 25 məktəb, 31 kitabxana, 17 klub, 7 uşaq bağçası, 4 kino, 4 texniki məktəb, 2 institut filialı, 2 sanatoriya, 5 mədəniyyət parkı, 2 hotel və 8 mədəniyyət evi dağıdılıb. Bununla yanaşı, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və digər mədəniyyət obyektləri də məhv edilib”, – deyə ekspert vurğulayıb.

N.Əlizadə diqqətə çatdırıb ki, işğal zamanı yalnız infrastruktur deyil, eyni zamanda muzey fondları da talan olunub. Şuşa Tarix Muzeyindən və digər mədəniyyət ocaqlarından onlarla qiymətli eksponat, xalça, qədim əşya və sənət nümunəsi aparılıb, sonradan isə ya satışa çıxarılıb, ya da başqa mədəniyyətə aid nümunələr kimi təqdim edilib. Bu, sadəcə oğurluq deyil, eyni zamanda, kimliyin mənimsənilməsi və tarixin saxtalaşdırılmasıdır. Dini abidələrə qarşı həyata keçirilən vandalizm isə xüsusi qəddarlıqla seçilib.

XIX əsrdə inşa olunmuş Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin işğal dövründə ciddi zədələndiyini xatırladan N.Əlizadə qeyd edib ki, bərpa işləri zamanı məscidlərdə qəsdən törədilmiş vandalizm izləri – divarlara həkk olunmuş xaç işarələri, orijinal ornamentlərin və memarlıq elementlərinin məhv edilməsi aşkarlanıb. Bəzi məscidlərin tövləyə çevrilməsi faktları isə dini dəyərlərə qarşı açıq təhqirdir və bu, təsadüfi deyil, məqsədyönlü siyasətin nəticəsidir.

Məzarlıqların dağıdılması məsələsinə də toxunan ekspert bildirib ki, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla qəbiristanlıq məhv edilib, qəbirlər qazılıb, məzar daşları oğurlanıb. Bu faktlar arxeoloji tədqiqatlar və peyk görüntüləri ilə də təsdiqlənir və mədəni yaddaşa qarşı yönəlmiş sistemli hücum kimi qiymətləndirilməlidir.

N.Əlizadə bildirib ki, mədəni irsin məhv edilməsi siyasəti Ermənistan ərazisində də davam etdirilib. Bu siyasətin əsas məqsədi Azərbaycan xalqının həmin ərazilərdəki tarixi varlığını inkar etmək və süni “tarixi əsaslar” formalaşdırmaq olub: “Proses üç mərhədə həyata keçirilib: birincisi fiziki məhvetmə, ikincisi funksional təhrif – yəni dini obyektlərin təhqiramiz məqsədlərlə istifadəsi, üçüncüsü isə kimlik saxtalaşdırılması. Bu, artıq sadəcə vandalizm deyil, beynəlxalq hüquq normaları çərçivəsində mədəni irsin məhv edilməsi kimi qiymətləndirilməlidir”.

Ekspert qeyd edib ki, 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il UNESCO Konvensiyası belə halların qarşısının alınmasını tələb etsə də, uzun illər ərzində bu tələblərə əməl olunmayıb. 2021-ci ildən etibarən həyata keçirilən bərpa və yenidənqurma işləri yalnız fiziki restavrasiya deyil, həm də tarixi yaddaşın bərpasıdır. Şuşanın Azərbaycan, Türk dünyası və İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını bu prosesin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilməsi həm də mədəni kimliyin bərpasının simvoludur.

“Mədəni irs yalnız daş və tikililərdən ibarət deyil. Bu, bir xalqın yaddaşı, kimliyi və tarixidir. Bu yaddaş nə qədər zədələnsə də, tamamilə silinməsi mümkün deyil. Azərbaycan bu gün yalnız ərazilərini deyil, həm də öz mədəni yaddaşını bərpa edir və bunu faktlara əsaslanan yanaşma ilə beynəlxalq ictimaiyyətə təqdim edir”, - deyə N.Əlizadə əlavə edib.

Müxbir – Səbinə Əlizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
azertag.az

2Mənbələr