AZ

Cənubi Qafqazda həyata keçirilən layihələrin Latviya üçün də yeni imkanlar yaratması danılmazdır

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin mətbuata verdikləri bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini əhatə edən geniş və rəsmi məzmun daşıyırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident, həmçinin qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. Bu kontekstdə qarşılıqlı etimadın və dialoqun möhkəmləndiyi bildirilib. Hələ, doqquz il öncə Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həmçinin hüquqi çərçivəni yaradıb və ölkələrin münasibətlərini ən yüksək səviyyəyə qaldırıb. Məhz bunun əsasında da hər iki ölkə tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışıb. Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilib. Xüsusilə, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, logistika və nəqliyyat sahəsində əməkdaşlıq və sair məsələlər diqqətdə saxlanılıb. Belə ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox yüksək nəticələr verə bilər. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.

“Məlumdur ki, Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunun və Cənubi Qafqazda həyata keçirilən layihələrin Latviya üçün də yeni imkanlar yaratması danılmazdır. Bundan başqa, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna, xüsusilə qaz ixracı və enerji marşrutlarının şaxələndirilməsi məsələlərinə diqqət yetirsək görərik ki, Latviya tərəfi də bu sahədə əməkdaşlıq imkanlarına maraq göstərən ölkələrdən biridir. Dövlətimizin başçısının bəyanatında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunulub ki, bununla bağlı ölkələr arasında tələbə mübadiləsi proqramları və mədəni layihələrin genişləndirilməsi hər iki ölkə üçün prioritet məsələlərdəndir. Hazırda Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və ümid edirik ki, tələbə sayı növbəti illərdə daha da artacaq və bu, bizim ölkəmiz üçün də faydalı olacaq”, - deyə deputat əlavə edib.

P.Vəliyevanın sözlərinə görə, prezidentlərin görüşü zamanı müzakirə olunan regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan tərəfi bölgədə davamlı sülhün təmin olunması üçün uğurlu addımlar atır. Eyni zamanda, Avropa ilə əməkdaşlıq çərçivəsində bir sıra tələblərin icrasını dəstəkləyir. Ümumilikdə Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdə olduğunu və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi siyasi iradənin mövcudluğunu göstərdi. Edqars Rinkeviçs də öz növbəsində bu əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyib.

Seçilən
64
32
azertag.az

10Mənbələr