AZ

Ad seçimində yeni qayda

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda uşaqlara ad verilməsi ilə bağlı hüquqi mexanizmlər yenidən gündəmə gəlib. Yeni hüquqi yanaşma həm uşağın fərdi identikliyinin qorunmasını, həm də milli-mənəvi dəyərlərin yaşadılmasını hədəfləyir. Belə ki,  Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Uşaq hüquqları haqqında” Qanunda uşağın fərdiliyinin qorunması xüsusi vurğulanır. Qanuna əsasən, dövlət uşağın vətəndaşlığını, adını və ailə əlaqələrini qorumağı öz üzərinə götürür. Bu yanaşma uşağın hüquqi statusunun yalnız formal deyil, eyni zamanda sosial və mənəvi aspektlərdə də müdafiəsini nəzərdə tutur.

Yeni qanunvericiliyə əsasən, uşağa ad verilməsi artıq birbaşa Azərbaycan Respublikasının Ailə Məcəlləsi çərçivəsində tənzimlənir. Bu isə əvvəlki prosedurlardan müəyyən mənada fərqlənir. Əvvəllər valideynlərin razılığı olmadığı hallarda qəyyumluq orqanlarının müdaxiləsi və onların qərarlarının elektron sistemlər vasitəsilə təsdiqi tələb olunurdu. İndi isə əsas diqqət ailədaxili razılaşmaya və hüquqi mexanizmlərin sadələşdirilməsinə yönəlib.

Ailə Məcəlləsinin tələblərinə görə, hər bir uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin qarşılıqlı razılığı ilə verilir, ata adı atasının adına uyğun müəyyən edilir. Soyad isə, bir qayda olaraq, valideynlərin soyadı ilə uyğunlaşdırılır. Əgər valideynlərin soyadları fərqlidirsə, bu halda uşağa hansı soyadın veriləcəyi yenə də valideynlərin razılığı əsasında müəyyən olunur. Razılıq əldə olunmadıqda isə məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir.

Son illərdə bu sahədə idarəetmənin rəqəmsallaşdırılması da diqqət çəkən dəyişikliklərdən biridir. Qəyyumluq orqanlarının qərarları artıq elektron sistemlər vasitəsilə müvafiq dövlət qurumlarına ötürülür və bu məlumatların əldə olunması daha operativ şəkildə həyata keçirilir. Bu yanaşma prosedurların şəffaflığını artırmaqla yanaşı, sənəd dövriyyəsini də sadələşdirir.

Hüquqi aspektlərlə yanaşı, məsələ cəmiyyətin ideoloji və mədəni müstəvisində də geniş müzakirələr doğurur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu istiqamətdə ictimai çağırışla çıxış edərək vətəndaşları övladlarına ad seçərkən milli dəyərlərə üstünlük verməyə səsləyib. Komitə sədrinin fikrincə, Azərbaycanda uzun illərdir müxtəlif xarici mənşəli adların – ərəb, fars, rus, ingilis və digər dillərdən gələn adların geniş yayılması milli identikliyin zəifləməsinə səbəb olur. O vurğulayıb ki, hər bir valideynin övladına istədiyi adı seçmək hüququna hörmət edilməlidir, lakin eyni zamanda milli adların təbliği və təşviqi də vacibdir.

F. Mustafanın sözlərinə görə, tanınmış şəxslərin bu məsələdə nümunəvi davranışı cəmiyyətə ciddi təsir göstərə bilər: “Burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları çox vacibdir. Ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı və s. adların təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğatı gücləndirməliyik. Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və s. adları qoymaqdan çəkinməyə çağırıram. Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada "ov", "yev"i təmizləsən də milliləşdirmək mümkün olmur. Heç olmazsa, bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalışaq".

Məsələ ilə bağlı “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi İdarə Heyətinin sədri Lamiyə İsazadə isə bildirib ki, Azərbaycanda uşağa ad seçimi həm ailədaxili qərar, həm də ictimai məsuliyyət kimi qəbul olunur: “Bu seçim, bəzən çox sadə görünür. Belə ki, valideynlər bəyəndiyi adı uşağa qoyur və məsələnin bununla da yekunlaşdığını düşünürlər. Ancaq əslində ad, insanın ömür boyu daşıdığı kimlikdir və onun sosial mühitdə necə qəbul olunmasına birbaşa təsir edir. Son hüquqi dəyişikliklər də məhz bu həqiqəti daha aydın şəkildə ortaya qoyur. Uşağa adın verilməsi Azərbaycanda həmişə təkcə hüquqi prosedur yox, həm də dərin mənəvi məsələ olub. Belə bir deyim var ki, ad insanın kimliyinin ilk nişanəsidir. Ad, ailənin dəyərlərini, cəmiyyətin estetik zövqünü və bəzən də zamanın ruhunu əks etdirir”.

Onun fikrincə, son qanun dəyişiklikləri isə bu həssas sahəyə bir qədər də ciddi yanaşmanın siqnalını verir: “Prezident tərəfindən təsdiqlənən yeni yanaşma ilə “Uşaq hüquqları haqqında” qanunda edilən dəyişikliklər ilk baxışda texniki məsələ kimi görünə bilər. Ancaq əslində, burada əsas məqam uşağın fərdiliyinin qorunmasına verilən vurğudur. Yəni artıq məsələ təkcə valideynin istəyindən ibarət deyil, uşağın gələcək həyatı, onun cəmiyyətdə necə qəbul olunacağı da hüquqi müstəviyə çıxarılır. Əvvəllər uşağa ad verilməsi daha çox valideynlərin qarşılıqlı razılığına əsaslanırdı. Valideynlər olmadıqda isə qəyyumluq orqanları bu məsuliyyəti üzərinə götürürdülər. Bu mexanizm formal olaraq qalır, ancaq yeni dəyişikliklərlə əsas istinad nöqtəsi Ailə Məcəlləsi olur. Bu isə o deməkdir ki, ad seçimi artıq daha sistemli və müəyyən çərçivələr daxilində tənzimlənəcək”.

Ekspert qeyd edib ki, burada diqqət çəkən əsas məqam dövlətin uşağın şəxsiyyət hüquqlarını daha aktiv şəkildə qorumağa çalışmasıdır: “Bu, belə bir sualı gündəmə gətirə bilər ki, valideyn istəyi harada bitir, uşağın marağı harada başlayır? Son illərdə qeyri-adi, bəzən isə açıq-aşkar uşağın gələcək həyatına mənfi təsir edə biləcək adların qoyulması halları müzakirə mövzusudur. Sosial şəbəkələrdə “unikal” olmaq istəyi ilə verilən bəzi adlar, istər xarici sözlərin təhrif olunmuş formaları, istərsə də mənasız və ya gülüş doğuran kombinasiya əslində uşağın gələcək sosial həyatında çətinliklər yarada bilər. Məktəbdə lağ obyektinə çevrilməkdən tutmuş rəsmi sənədlərdə problemlərə qədər müxtəlif risklər mövcuddur.

Mövcud qanunvericilik bu risklərin qarşısını tam şəkildə alacaqmı? Açığı, təkcə qanunla bunu etmək çətindir. Çünki, ad seçimi həm də mədəni və psixoloji məsələdir. Qanun yalnız çərçivə yarada bilər. Məsələn, açıq şəkildə təhqiredici, qeyri-etik və ya absurd adların qarşısı alınmalıdır və alınır da. Amma “sərhəd” həmişə aydın olmur. Bir valideyn üçün yaradıcı görünən ad, başqası üçün anlaşılmaz və ya uyğun olmayan ola bilər. Mövcud qanunvericilik müəyyən qədər filtr rolunu oynayır. Xüsusilə də qeydiyyat orqanlarının praktikası artıq bəzi hallarda valideynləri qərarlarını yenidən düşünməyə vadar edir. Lakin, yenə də əsas məsuliyyət valideynlərin üzərində qalır”.

Ekspert həmçinin vurğulayıb ki, dövlət müdaxiləsi həddən artıq sərtləşərsə, bu dəfə də fərdi seçim azadlığı ilə bağlı suallar yaranacaq: “Bəlkə də, ən doğru yanaşma balansdır. Yəni həm uşağın hüquqları qorunmalı, həm də valideynlərin seçim azadlığı tam məhdudlaşdırılmamalıdır. Bu balans isə təkcə qanunla deyil, maarifləndirmə ilə qurula bilər. İnsanlara izah olunmalıdır ki, ad sadəcə fərqlənmək vasitəsi deyil. Bu, uşağın bütün ömrü boyu daşıyacağı bir kimlikdir. Yeni dəyişikliklərin ən müsbət tərəfi məhz bu mövzunu yenidən gündəmə gətirməsidir. Cəmiyyət olaraq bizi düşünməyə vadar edir ki, biz övladlarımıza ad seçərkən nəyi əsas götürürük,  emosiyanı, dəbi, yoxsa onların gələcəyini? Sonda bir həqiqət dəyişmir, ad insanın ilk taleyidir. Və bu taleyi yazanlar valideynlərdir. Dövlət isə sadəcə bu taleyin zərər görməməsi üçün sərhədləri müəyyən edir”.

Mövzu ilə bağlı sosioloq Mail Yaqub qeyd edib ki, ad qoymaq hər bir insanın, valideynin haqqıdır: “Elə adlar qoyulmalıdır ki, uşaq boya-başa çatdıqdan sonra adından utanmasın. Əsas meyar budur. Bundan başqa, etik və hüquqi baxımdan ad qoyulması ilə bağlı heç bir maneə yoxdur. Hər kəs adların seçilib qoyulmasında sərbəstdir. Təbii ki, biz istərdik ki, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə uyğun olan adlar qoyulsun. Hər bir halda insanların şəxsi seçiminə müdaxilə etmək çətin məsələdir. Həmçinin bu, ailədaxili məsələdir və bu məqamda hər kəs öz aralarında razılığa gəlib seçimini edir".

Seçilən
61
50
hafta.az

10Mənbələr