AZ

Xaçmaz məhkəməsi deputata “yox” dedi – jurnalistin cəzalandırılmasını tələb edirdi  

Xəbər verdiyimiz kimi deputat Əlibala Məhərrəmzadə Şimal regionunda fəaliyyət göstərən jurnalist Cəlal Fərzəliyev barəsində Xaçmaz Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib.

Musavat.com xəbər verir ki, bu gün, aprelin 23-də hakim Samir Bayramovun sədrliyi ilə keçirilən prosesdə deputatın şikayətinin məhkəmə baxışına götürülməsindən imtina olunub. Beləliklə, deputatın jurnalistə qarşı Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə irəli sürdüyü iddialar üzrə başlanması istənilən məhkəmə baxışı mərhələsinə keçid baş tutmayıb. Mübahisəyə səbəb olan material ötən ilin mart ayında və bu ilin aprel ayında Cəlal Fərzəliyevin baş redaktoru olduğu “7Times.az”da yayımlanan reportajlardır. Həmin reportajlarda Quba rayonunda aparıldığı iddia olunan qanunsuz tikinti işləri, torpaq istifadəsi və şəhərsalma qaydalarının pozulması kimi məsələlər gündəmə gətirilib. Materialda Qubanın Nəriman Nərimanov küçəsi 75 ünvanında yerləşən “Aqua Park” ətrafında aparılan tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olduğu, eləcə də aidiyyəti qurumların əvvəlki dayandırma qərarlarına baxmayaraq işlərin davam etdiyi iddia olunur. Eyni zamanda “A & J Holding” MMC ilə bağlı səsləndirilən iddialarda şirkətin deputatın ailə çevrəsi ilə əlaqələndirilməsi, eləcə də bəzi tikinti və təsərrüfat fəaliyyətlərinin formal dəyişikliklərlə davam etdirildiyi barədə məlumatlar yer alıb.

Reportajda Quba şəhərinin digər ərazilərində – 30-32-ci məhəllə və Əziz Əliyev küçəsində də oxşar tikinti və torpaqdan istifadə pozuntularının olduğu qeyd edilib. Deputat Əlibala Məhərrəmzadə isə həmin materialları öz şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, jurnalistin yaydığı məlumatların böhtan və təhqir xarakteri daşıdığını iddia edib. Deputatın iddiasına görə, jurnalistin yazdıqları ictimai nüfuzuna zərbə vurub və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradır. Lakin Xaçmaz Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında işin mahiyyəti üzrə baxış mərhələsinə keçirilməsi təmin edilməyib. Hadisə eyni zamanda jurnalist fəaliyyətinin hüquqi sərhədləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Qanunvericiliyə görə, ictimai vəzifə daşıyan şəxslərin fəaliyyəti, xüsusilə də dövlət və ictimai maraq doğuran sahələrdə onların davranışı jurnalist araşdırmalarının predmetinə çevrilə bilər. Bu baxımdan deputatların fəaliyyəti ilə bağlı yayılan məlumatlar, əgər ictimai maraq daşıyırsa, jurnalist nəzarəti çərçivəsində qiymətləndirilir və avtomatik olaraq cinayət məsuliyyəti yaradan hal kimi qəbul edilmir.

Media azadlığı, ictimai nəzarət və ictimai vəzifə daşıyan şəxslərin fəaliyyətinin hesabatlılığı məsələləri hələ ki, qüvvədədir. Görünür deputat Əlibala Məhərrəmzadənin bu yanaşmadan bixəbərliyi onun jurnalistə qarşı xüsusi ittihamla çıxış etməsini şərtləndirib.

E.Məmmədəliyev
Musavat.com

Seçilən
92
musavat.com

1Mənbələr