AZ

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə kitabxanaya maarifləndirici ekskursiya təşkil edilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə maarifləndirici ekskursiya təşkil edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Yasamal rayonu 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Ekskursiya zamanı kitabxananın direktoru Aslan Cəfərov mütaliənin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir əsərin arxasında müəllifin böyük zəhməti dayanır və bu zəhmətə hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur.

Kitabxanaların müasir funksiyalarından bəhs edən direktor qeyd edib ki, bu gün kitabxanalar yalnız kitabların qorunduğu məkan deyil, həm də informasiya, bilik və innovasiya mərkəzləri kimi fəaliyyət göstərir. O, şagirdləri kitabxanadan fəal istifadə etməyə, mütaliəni həyatlarının ayrılmaz hissəsinə çevirməyə çağırıb.

Ekskursiya çərçivəsində şagirdlərə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib, məktəblilər kitabxananın fəaliyyəti ilə yaxından tanış olublar.

Ekskursiya zamanı iştirakçılara kitabxanadan istifadə qaydaları izah olunub, eyni zamanda oxucular üçün təqdim edilən pulsuz internet xidməti, elektron kitabxana, elektron kataloq və müxtəlif elektron məlumat bazaları nümayiş etdirilib.

Şagirdlər kitabxananın rəsmi saytı və son dövrlərdə süni intellekt vasitəsilə hazırlanmış innovativ materiallarla da tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
azertag.az

2Mənbələr