Afina, 23 aprel, AZƏRTAC
Avropa İttifaqı liderləri Kiprdə keçirilən qeyri-rəsmi sammitdə artan geosiyasi gərginlik fonunda birgə cavab tədbirlərini müzakirə edirlər.
AZƏRTAC-ın məlumatına görə, sammitdə əsas diqqət Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış gərginliyə və bunun Avropaya təsirlərinə yönəlib. Liderlər enerji qiymətlərinin artması, strateji nəqliyyat marşrutlarının təhlükəsizliyi və regionda sabitliyin qorunması məsələlərini müzakirə edirlər.
Danışıqlarda Avropa İttifaqının böhranlara reaksiyasının gücləndirilməsi də gündəmdədir. Bu kontekstdə üzv dövlətlər arasında qarşılıqlı müdafiə mexanizmlərinin daha effektiv işləməsi və koordinasiyanın artırılması məsələləri nəzərdən keçirilir.
Sammitdə, həmçinin Aİ-nin uzunmüddətli büdcə perspektivləri də müzakirə olunur. Buraya maliyyə resurslarının artırılması, iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi və strateji layihələrin dəstəklənməsi daxildir.
Eyni zamanda, Ukraynadakı vəziyyət və Avropanın təhlükəsizlik arxitekturasına təsiri də əsas müzakirə mövzularından biridir. Liderlər regionlararası əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçirirlər.
Qeyd olunur ki, Kiprdə keçirilən bu görüş Avropa İttifaqının dəyişən qlobal şəraitə uyğunlaşmaq və daha koordinasiyalı siyasət yürütmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.