AZ

Təhsil sisteminin informasiyalaşdırılmasında nöqsanlar aşkar edilib

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hesablama Palatasının 2025-ci il İş planına uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyəti üzrə səmərəlilik auditi aparılıb. Audit 2021–2024-cü illəri əhatə edib və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) fəaliyyəti qiymətləndirilib.

Gununsesi.info xəbər verir ki, audit nəticələrinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən rəqəmsal təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Azərbaycan Təhsil Şəbəkəsi (AzTəHS) vasitəsilə təhsil müəssisələri arasında təhlükəsiz intranet şəbəkəsi yaradılıb, elektron jurnal və gündəliklər, distant təhsil platformaları, IP telefoniya və kibertəhlükəsizlik sistemləri tətbiq edilib.

Bununla yanaşı, bir sıra nöqsanlar və səmərəsizlik hallarına da yol verildiyi müəyyən olunub.

Audit zamanı şəbəkə avadanlıqlarına texniki xidmət üzrə müqavilələrdə xərclərin düzgün hesablanmaması, avadanlıqların sayı və yerləşməsinin dəqiq nəzərə alınmaması kimi problemlər aşkarlanıb.

Həmçinin Nazirliyin tabeliyində ayrıca maddi-texniki təchizat qurumu olduğu halda, TSİİ tərəfindən 8,49 milyon manatlıq kompüter və digər avadanlıqların birbaşa alınması məqsədəuyğun hesab edilməyib.

İnformasiya sistemləri sahəsində də çatışmazlıqlar qeydə alınıb. Hazırlanan 30 layihədən bir neçəsində təhlükəsizlik və şəffaflıq tələblərinə tam əməl edilməyib, bəzi sistemlər “vahid giriş” inteqrasiyasına qoşulmayıb. Eyni zamanda 10 informasiya sistemi dövlət reyestrində qeydiyyata alınmayıb, uşaqların qəbulu üzrə bir layihə isə fərdi məlumatların dövlət reyestrində göstərilməyib.

Təlimlərin təşkili sahəsində də uyğunsuzluqlar aşkarlanıb. TSİİ-nin funksiyalarına aid olan təlimlərin autsorsinq yolu ilə həyata keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Audit həmçinin göstərib ki, “Hökumət buludu”na keçid planında nəzərdə tutulsa da, 2023-cü ildə informasiya sistemlərinin miqrasiyası tam icra edilməyib.

Satınalma sahəsində ən çox “bir mənbədən satınalma” metodundan istifadə edilib, bəzi müqavilələrdə isə texniki tələblər və məhsul spesifikasiyaları dəqiq göstərilməyib. Nəticədə 4624,3 min manatlıq müqavilələr üzrə qeyri-müəyyən əsaslarla satınalmalar həyata keçirilib.

Bəzi layihələrdə isə müqavilə şərtləri tam icra edilməyib və artıq ödənişlərə yol verilib. Ümumilikdə avadanlıq alışlarında 37 min manat, noutbuk arabalarında 135,3 min manat, internet xidmətlərində isə əlavə aylara görə artıq ödənişlər qeydə alınıb.

Hesablama Palatası nəticə olaraq dövlət informasiya sistemlərinin idarə olunmasında səmərəliliyin artırılması, satınalma və maliyyə nəzarətinin gücləndirilməsi, reyestrləşmə və hüquqi tələblərə əməl olunması ilə bağlı Elm və Təhsil Nazirliyinə tövsiyələr verib.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
icma.az

1Mənbələr