AZ

İslami maliyyənin inkişafı üçün dövlət və kommersiya bankları arasında əməkdaşlıq vacibdir - AÇIQLAMA

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanda İslami maliyyənin inkişafı üçün dövlət və kommersiya bankları arasında səmərəli əməkdaşlığın qurulması mühüm əhəmiyyət kəsb edir.

İqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a bildirib ki, bu sahədə dövlətin rolu həlledicidir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilən dövlət proqramı çərçivəsində mühüm addımlar atılıb.

“Belə ki, 31 yanvar 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi tətbiq edilib və iki banka İslami bank məhsullarının təqdim olunması üçün pilot layihələrin icrasına icazə verilib. Dövlətin əsas rolu ilk növbədə uyğun mühitin formalaşdırılmasından ibarətdir. Bu isə İslami maliyyə sistemini əhatə edən qanunvericilik bazasının tam şəkildə hazırlanmasını tələb edir. Xüsusilə İslami bankçılıq, İslami sığorta (təkafül) və kapital bazarları ilə bağlı hüquqi çərçivənin yaradılması bu sahənin inkişafını sürətləndirə bilər. Artıq Mərkəzi Bank tərəfindən İslami bankçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanıb və yaxın zamanda Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması gözlənilir.

Digər mühüm istiqamət isə dövlətin maliyyə iştirakıdır. Dövlət, xüsusilə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə İslami maliyyə alətlərinin tətbiqini genişləndirə bilər. Eyni zamanda, dövlət payının yüksək olduğu banklar vasitəsilə bu prosesə daha fəal qoşularaq, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinə daha əlverişli şərtlərlə maliyyə resurslarının təqdim olunmasına dəstək verə bilər”, - deyə Ruslan Atakişiyev vurğulayıb.

Seçilən
17
1
azertag.az

2Mənbələr