Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəşir Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2025-ci il 19 dekabr tarixli Qərarının 1.1-ci və 1.16-cı bəndləri tətbiq edilməklə təqsirləndirilən şəxs Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətindən azad olunub və cinayət işi üzrə icraata xitam verilib. Bəşir Əkbərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib.
İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmiş Zamin İsrafilovun (adı, soyadı şərtidir) etibarından istifadə edərək onun oğlunun hüquq-mühafizə orqanlarının birinə işə qəbul olunmasına köməklik göstərəcəyi barədə yalan vəd verib. Bu məqsədlə Bəşir Əkbərov 2022-ci ilin fevral ayında paytaxtın Binəqədi rayonu ərazisində zərərçəkmiş şəxsdən oğlu üçün tələb olunan sənədlərin surətlərini, həmçinin 12 000 manat pul vəsaitini qəbul edib.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs eyni niyyətlə 2022-ci ilin fevral-mart aylarında əlavə olaraq daha 3 000 manat pul alıb. Beləliklə, ümumilikdə 15 000 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub.
Məhkəmə baxışı zamanı Bəşir Əkbərov ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Zamin İsrafilovla 2021-ci ildə yas mərasimində tanış olub və sonradan aralarında münasibət yaranıb. 2022-ci ilin fevral ayında zərərçəkmiş şəxs ondan oğlunu işə düzəltməkdə köməklik göstərməsini xahiş edib.
Təqsirləndirilən şəxs bildirib ki, o, həmin şəxsin oğlunu işə düzəldə biləcəyini deyərək bunun müqabilində 15 000 manat pul istəyib. Razılıq əldə olunduqdan sonra əvvəlcə 12 000 manat, bir həftə sonra isə qalan 3 000 manat ona verilib. Bəşir Əkbərov üç ay ərzində məsələni həll edəcəyinə söz versə də, bu müddətdə heç bir nəticə əldə olunmayıb.
İfadəsinə görə, o, pulu alarkən həmin şəxsi işə düzəldə biləcək konkret əlaqələri olmayıb, lakin sonradan bu məsələni həll edə biləcəyini düşündüyü üçün vəsaiti qəbul edib. Verilən müddət başa çatdıqdan sonra isə vədini yerinə yetirə bilməyib.
Sonradan Zamin İsrafilov pulunu geri tələb edib. Təqsirləndirilən şəxs pulun bir hissəsini qaytardığını, o cümlədən ilkin olaraq 4 000 manat verdiyini, daha sonra isə müxtəlif vaxtlarda əlavə məbləğlər ödədiyini bildirib. Onun sözlərinə görə, zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edənədək o, ümumilikdə 9 500 manat qaytarıb və hazırda 5 500 manat borcu qalıb.
Bu səbəbdən o, ittihamda göstərilən 15 000 manat məbləği ilə razılaşmadığını, məsuliyyətinin yalnız qalan məbləğ çərçivəsində qiymətləndirilməli olduğunu qeyd edib.
Kamal Məmmədov