AZ

Kafedə dostunu döyərək xəsarət yetirən şəxs amnistiyaya düşdü

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Əkbər Əkbərov barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib.

 

İttihama görə, hadisə 26 may 2025-ci il tarixdə saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vedi” adlı kafedə baş verib.

 

Belə ki, Əkbər Əkbərov kafeyə gələrək orada istirahət edən tanışı, zərərçəkmiş İmarət Həsənova (adı, soyadı şərtidir) yaxınlaşıb və bir neçə saat əvvəl mobil telefon vasitəsilə aralarında baş vermiş sözlü mübahisəni bəhanə edib.

 

O, ətrafda digər şəxslərin olmasına baxmayaraq, ictimai qaydaya açıq etinasızlıq nümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına məhəl qoymayıb, özünü üstün tutaraq zərərçəkmiş şəxsə hücum edib. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Əkbərin sifət nahiyəsinə yumruq və baş zərbələri endirib.

 

Hadisə nəticəsində zərərçəkmiş şəxsə alın nahiyəsinin sıyrığı, sağ gözaltı nahiyənin və göz qapaqlarının qançırları, sağ qaş və sağ gözün bayır bucağı nahiyələrində əzilmiş-cırılmış yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül dərəcəli bədən xəsarətləri yetirilib.

 

Beləliklə, Əkbər Əkbərov zor tətbiq etməklə müşayiət olunan, ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə xuliqanlıq törətməkdə ittiham olunur.

 

Məhkəmə baxışı zamanı o, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini qeyd edib.

 

Kamal Məmmədov

 

Tarix: 23 Aprel 2026, 08:17   
Seçilən
123
pravda.az

1Mənbələr