AZ

Bakıdan açıq mesaj: sülh artıq reallıqdır, Ermənistan seçimini etməlidir

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.

Prezident mətbuata bəyanatında Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a şərhində qeyd edib ki, Ermənistan cəmiyyətinin sülhə ehtiyacı var. Deputatın fikrincə, seçki ərəfəsində sülh mesajlarının səslənməsinin də əsas səbəbi budur:

“Lakin seçkilər ərəfəsində verilən mesajlar yalnız siyasi ritorika ilə məhdudlaşmamalı, cəmiyyətin qorxularını və gözləntilərini nəzərə alan kompleks yanaşma olmalıdır. Belə olan halda sülh sazişi praktik nəticələr verən sənəd kimi işlək ola bilər. Revanşistlər isə yeni müharibə əhval-ruhiyyəsi yaratmağa çalışırlar.

Hazırkı mərhələdə Ermənistan cəmiyyətini sülhə hazırlamaq üçün verilə biləcək əsas mesajlardan biri təhlükəsizlik və sabitlik perspektivlərinin ön plana çəkilməsidir. Aydın şəkildə izah edilməlidir ki, davamlı gərginlik və hərbi risklər iqtisadi inkişafı ləngidir, sosial rifahı aşağı salır və ölkəni regional layihələrdən kənarda qoyur. Sülh isə əksinə, sərhədlərin açılması, ticarətin genişlənməsi və investisiya imkanlarının artması deməkdir.

Təsadüfi deyil ki, cənab Prezident latviyalı həmkarı Edqars Rinkeviçslə görüşdə də bəyan etdi ki, “məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: “Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz”.

Deputat bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir və dayanıqlı sülhün əldə olunması üçün bütün praktik addımları atmaqdadır: “Ermənistan cəmiyyəti də anlamalıdır ki, dayanıqlı sülh uzunmüddətli perspektivdə təhlükəsizliyin qarantıdır. Sülh prosesinin uğurla yekunlaşması eyni zamanda qarşılıqlı siyasi və iqtisadi dividendlər deməkdir.

Bir sözlə, sülhün alternativi yoxdur, müharibənin təkrarlanmasının mümkün riskləri, insan itkiləri və iqtisadi zərərləri unudulmamalı, sülhün yeganə rasional seçim olduğu əsaslandırılmalıdır”.

Nigar Həsənli
Musavat.com

 

 

Seçilən
73
47
musavat.com

10Mənbələr