AZ

Nazir: Aqrar sektorda tərəfdaşlıq Azərbaycana və Latviyaya qarşılıqlı fayda verəcək

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxış edib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir aprelin 15-də Şuşa şəhərində Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirildiyini xatırladıb, bu iclasda ticarət, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil və digər sahələrdə gələcək əməkdaşlıq üçün prioritet istiqamətlərin müəyyən edildiyini vurğulayıb.

Məcnun Məmmədov qeyd edib ki, hər iki ölkədə əlverişli biznes mühiti və investisiya imkanları əlaqələrin genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazir əlavə edib ki, mütəmadi biznes forumların təşkili, rəqabətədavamlı ixrac məhsulları haqqında məlumat mübadiləsinin gücləndirilməsi və beynəlxalq sərgilərdə fəal iştirak hər iki ölkənin sahibkarları arasında əlaqələrin gücləndirilməsində əsas rol oynayacaq.

O, aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi və məhsul ixracı sahələrində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb, bu sektorda tərəfdaşlığın hər iki ölkə üçün qarşılıqlı fayda verəcəyini bildirib.

Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze öz növbəsində iki ölkə arasında münasibətlərin əhəmiyyətinə toxunub. O, biznes-forumların işgüzar dairələr arasında əlaqələrin qurulması baxımından mühüm platforma olduğunu, bu cür tədbirlərin yeni investisiya imkanlarının yaradılmasına şərait yaratdığını, ticarət dövriyyəsinin genişlənməsinə və davamlı iqtisadi əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

Azərbaycan–Latviya biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviya Ticarət və Sənaye Palatası (LCCI) arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə Azərbaycan və Latviyanın investisiya imkanlarına həsr olunmuş təqdimatlar keçirilib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlardan bəhs olunub.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Seçilən
69
4
azertag.az

10Mənbələr