Almaniyada iqtisadi artım tempi aşağı düşür. Hökumət Yaxın Şərqdəki gərginlik və enerji qiymətlərinin bahalaşması səbəbindən bu il üçün gözləntilərini aşağı salmağa hazırlaşır.
AFP Agentliyinin məlumatına görə, Almaniya hökuməti rəsmi artım proqnozunu yeniləməyi planlaşdırır. Əvvəllər iqtisadiyyatın 1 faiz artacağı proqnozlaşdırılsa da, iqtisadi qurumlar artıq bu göstəricini 0,6 faizə qədər endiriblər. Hökumətin 2026-cı il üçün nəzərdə tutduğu canlanma ümidləri neft və qaz qiymətlərinin yüksəlməsi səbəbindən ciddi maneələrlə üzləşib.
Enerji daşıyıcılarının bahalaşması Almaniya iqtisadiyyatının onurğa sütunu sayılan polad və kimya sənayesinə ağır zərbə vurub. İstehsal xərclərinin artması ilə yanaşı, inflyasiya təzyiqi də güclənir. Belə ki, mart ayında ölkədə inflyasiya göstəricisi 2,7 faizə çatıb. Yaranmış vəziyyəti sabitləşdirmək üçün rəsmi Berlin bir sıra addımlar atır. Yanacaq qiymətlərinə dəstək verir, işçilər və müəssisələr üçün vergi güzəştləri tətbiq edir. Lakin iqtisadçılar və sənaye nümayəndələri bu tədbirləri yetərli hesab etmirlər. Ekspertlərin fikrincə, iqtisadiyyatın həm xarici böhranlara, həm də daxili struktur problemlərinə qarşı dözümlülüyünü artırmaq üçün daha köklü və dərin islahatlara ehtiyac var.
Hazırda Almaniya iqtisadiyyatı qlobal geosiyasi risklər və daxili islahatların ləngiməsi səbəbindən ciddi təzyiq altında qalmaqda davam edir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”