“Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqa İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
Boqa ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 4 matçda 3 qol vurub.
Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi, dekabrda “İnter”in hücumçusu Lautaro Martines, yanvarda Federiko Dimarko (“İnter”), fevralda Donyell Malen (“Roma”) fərqlənmişdi.
Jeremi Boqa “Yuventus”a 2026-cı ilin yanvarında icarə müqaviləsi əsasında qoşulub. 29 yaşlı futbolçu Turin klubunun heyətində meydana çıxdığı 12 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Futbol üzrə Kot-d’İvuar milli futbol komandasının da üzvü olan Boqa karyerası ərzində “Çelsi”, “Renn”, “Qranada”, “Birmingem Siti”, “Sassuolo”, “Atalanta”, “Nita” kimi klubların da formasını geyinib. O, ölkəsinin milli komandasında 24 oyuna çıxıb, 1 qol vurub.
