AZ

Əqli Mülkiyyət Agentliyi Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə konfrans keçirib

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri” mövzusunda konfrans keçirib.

XQ xəbər verir ki, tədbirin əvvəlində media üçün brifinq təşkil olunub. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov media nümayəndələrinə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyəti barədə məlumat verib, keçiriləcək konfransın aktuallığından danışıb.

Konfransı giriş sözü ilə açan Kamran İmanov bildirib ki, aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür. Həmin günlər Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə ixtisaslaşmış qurumunun (UNESCO) elan etdiyi 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik hüququ Günü”dür və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən dünya üzrə qeyd edilən 26 aprel – “Beynəlxalq əqli mülkiyyət Günü”dür.

Konfransın açılışında İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitə sədrinin müavini, deputat Hikmət Babaoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov çıxış edərək, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb və Əqli Mülkiyyət Agentliyinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndiriblər.

K.İmanov qeyd edib ki, bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında Azərbaycan artıq böyük təcrübəyə malikdir və 1997-ci ildən başlayaraq, 29 ildir ki, Kitab və Müəlliflik hüququ bayramını biz qeyd edirik və 2001-ci ildən başlayaraq, 25 ildir ki, əqli mülkiyyətin təntənəli günləri bizim ölkədə keçirilir.

Bu konfransın məqsədi əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

Sədr xüsusilə vurğulayıb ki, hərbi gücü diplomatiya ilə, iqtisadi inkişafı sosial ədalətlə və milli birliyi qlobal mövqe ilə uzlaşdıran, Konseptual inkişaf xəritəsinin və Azərbaycan vətəndaşını bu siyasətin mərkəzində saxlayan müəllif cənab Prezident İlham Əliyevdir. 30 il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saat 43 dəqiqəyə şərəf və sevinc gətirən Ali Baş Komandan səadətimizi qurdu.

K.İmanov qeyd edib ki, “Heç təsadüfi deyildir ki, məşhur türk müdriklik xəzinəsi “Qutadqu-bilik”də qeyd olunduğu kimi, “Səadətə aparan əqldir”.

Tədbirdə qeyd olunub ki, 20-ci əsrin əvvəllərindən bəri fəal şəkildə istifadə edilən Hay-ermənilərin – Hayi adlandırılmasını əsaslandırmaq üçün vurğulanır ki, "Hayastan" termini əvvəlcə etnonim deyil, siyasi termin idi. Əraziyə münasibət, mənsubiyyət göstəricisi idi. Ona etnik məna vermək üçün bu terminlə "Hayasa" ölkəsi və xalqı arasındakı əlaqə saxtalaşdırılıb və bununla da "Hayastan" Hayas + tun = “Hayaların evi kimi” təqdim edilib. Lakin erməni alimi Q. Kapantsyan bu yalanı ifşa edərək yazırdı ki, "erməni qrammatik normalarına zidd olaraq, bu açıq, yalançı etimologiyadır". Terminlər kimi "Hayasa" və "Hayastan" sözləri etimoloji cəhətdən əlaqəli deyil. Eyni saxtakarlıq "Ermənistan" termininə və onun "Hayastan" adı ilə əlaqəsinə də aiddir, çünki avstriyalı mütəxəssis E.Fayqlin yazdığı kimi, "erməni" [daha dəqiq desək, arminli] anlayışı qədim zamanlarda etnonim deyildi, məna etibarilə bu gün "rus", "amerikalı", "moskvalı" və s. ifadələri ilə eyni şeyi əks etdirirdi. Bir sözlə, bu termin coğrafi əraziyə münasibəti və ya mənsubiyyəti əks etdirirdi və etnonim deyildi. Nəticə etibarilə, haylar "ermənilər" adını mənimsəmişdilər. Sədr bildirib ki, biz bunu dəfələrlə ictimai çıxışlarımızda qeyd etmişik və çap nəşrlərimizdə də əks etdirmişik.

K.İmanovun sözlərinə görə, hay-erməni saxtakarlıqları və uydurmaları yalnız hay-ermənilərin tarixinə aid deyil və əvvəllər qeyd edilən kimi, hay-erməni təbliğat qrupu qonşu xalqların, o cümlədən Azərbaycan xalqının tarixini və irsini təhrif etməkdən çəkinmir.

Konfransda erməni uydurmalarının ifşası ilə bağlı qarşıda duran vəzifələrə dair müzakirələr keçirilib.

Tədbir zamanı Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab sərgisi təşkil olunub. Sərgidə Azərbaycanın qədim və müasir memarlıq abidələri, kitabxananın fondunda saxlanılan nadir kitab nüsxələri, o cümlədən Agentlik tərəfindən nəşr olunan erməni oğurluqlarını ifşa edən kitab və broşurlər nümayiş olunub.

Seçilən
60
xalqqazeti.az

1Mənbələr